[b]“Sumqayıt”ın prezidenti: İbrahim məndən fərqlənmir[/b]
08.08.2016 - 16:22
[b]“Sumqayıt”ın prezidenti: İbrahim məndən fərqlənmir[/b]

“Sumqayıt”ın iranlı futbolçuları İbrahim Abidnejad və Əfşin İsmayılzadə Azərbaycan yığmasında çıxış edə bilərlər. Bunu apasport.az saytına “gənclik şəhəri” təmsilçisinin prezidenti Kamran Quliyev deyib.

 

Klub rəhbəri bu yay müvafiq olaraq “Traktorsazi” və “Persepolis”dən transfer edilən futbolçuların gələcəkdə millimizdə oynaya biləcəklərini istisna etməyib. Bunun üçün isə yeganə tələb olunan məsələ adıçəkilən oyunçuların özlərini doğrultmalarıdı.

 

Quliyev həm Abidnejad, həm də İsmayılzadənin Azərbaycan dilində sərbəst danışa bildiklərini vurğulayıb: “Bu oyunçular hələlik yerli statusda çıxış etmirlər. Amma hər ikisinin Azərbaycan millisində oynamağa tam hüququ çatır. Buna meyilləri də var. Tehrandan gələn Əfşinin atası Yusif İsmayılzadə azərbaycanlı, anası isə farsdı. Bizim dildə də danışa bilir. İbrahim isə nə sizdən, nə də məndən fərqlənir, təmiz azərbaycanlıdı. Onların yerli pasport almaları klubdakı çıxışlarından və milli məşqçilərinin göstərəcəyi maraqdan asılıdı. Əgər yığmamızın baş məşqçisi onları ixtiyarında görmək istəsə, Abidnejad və İsmayılzadəyə Azərbaycan pasportu veriləcək”.

 

Qeyd edək ki, yarımmüdafiə xəttində çıxış edən İbrahim Abidnejad və Əfşin İsmayılzadənin 24 yaşı var.