“Gündəlikdə 3-4 məsələ var idi. Birincisi Media Komitəsinin nümayəndələri ilə görüş idi. Bu komitədən 3 nəfər iclasımıza qatılmışdı. Bilirsiniz ki, bir il əvvəl Məşqçilər Komitəsi və Klublar Komitəsi yarandı. Onlarla yanaşı, Media Komitəsinin də yaranması yaxşı təşəbbüsdü”. Apasport.az saytının məlumatına görə, bu sözlər Klublar Komitəsinin sədri Fikrət Hüseynov deyib.
Komitə sədri bu gün baş tutan iclasdan sonra gündəmdə olan digər məsələlərlə bağlı da danışıb: “İkinci məsələ İcraiyyə Komitəsinin iclasında qəbul olunmayan legionerlərin rüsumu ilə bağlı idi. Biz 5-6 aya yaxın idi ki, bunu müzakirə edirdik. Son yığıncağa Ramin Musayev də gəlmişdi. Elə bilirdik ki, rüsumla bağlı təklifimiz İcraiyyə Komitəsinin iclasında qəbul olunacaq. Ancaq belə olmadı. Bugünkü iclasda AFFA-nın baş katibi Elxan Məmmədovla birlikdə bu məsələni yenidən müzakirə etdik. 3 nəfərdən ibarət İşçi Qrupunun yaradılmasına qərar verildi. Bu İşçi Qrupunda mən, “Neftçi”nin icraçı direktoru Elnur Məmmədov və “Qəbələ”nin vitse-prezidenti Fariz Nəcəfov olacaq. Təxminən 1 həftəyə - 10 günə Elxan Məmmədovla görüşəcəyik. Ondan sonra İcraiyyə Komitəsinin üzvləri ilə görüşümüz olacaq. Həmin görüşdə də bu məsələni müzakirə edəcəyik”.
Fikrət Hüseynov Superkubokun keçirilməsi məsələsi gündəmlərində olmasına baxmayaraq, bunu müzakirə etmədiklərini söyləyib: “Superkubok məsələsi gündəliyə daxil edilmişdi. Lakin bu gün onu müzakirə etmədik. Ramin Musayevin də qatılacağı iclasda bunu müzakirəyə çıxaracağıq”.
AZAL klubunun vitse-prezidenti “təyyarəçilər”in hazırkı durumu ilə bağlı da fikir bildirib. O, komandanın Avrokubokda iştiraka hazır olduğunu deyib: “Baş məşqçimiz Tərlan Əhmədov çox ağır yükün altına girib. Buna baxmayaraq, döyüşkən kollektiv yaratmağı bacardı. Ola bilər ki, biz Avropa Liqasına düşək. Əgər belə bir şey olsa, Avroliqada iştirak edəcəyik. Rəhbərliklə görüşüb, bu məsələni müzakirə etdik. Qərara gəlindi ki, 2 turdan sonra yenidən görüşək”.
Hüseynov sonda sponsorla bağlı heç bir problem yaşamadıqlarını vurğulayıb: AZAL klubunun rəhbərliyində dəyişiklik planlaşdırılmır. Klubun prezidenti Zaur Axundovdu, biz də rəsmiləriyik. Bizim sponsorumuz AZAL-dı. Bu şirkətlə sponsorluğu davam etdirəcəyik. Elə oyunçular var ki, onlarla yollarımızı ayıracağıq. Maliyyə ilə bağlı problem yaşanılmır, maaşlar vaxtlı-vaxtında ödənilir”.