Topaz Premyer Liqasının XXVII turunda “Sumqayıt”la qarşılaşacaq “Xəzər Lənkəran” matçın hazırlığını davam etdirir. Apasport.az saytının məlumatına görə, 3 günlük ev proqramından sonra futbolçular ayın 26-dan etibarən, baş məşqçi Elbrus Məmmədovun sərəncamındadılar.
“Sumqayıt”la matçdan öncə “Xəzər Lənkəran” heyətlə bağlı problemlə üzləşib. Belə ki, komandanın əsas heyət üzvlərindən olan Vüqar Bəybalayev zədələnib.
Dizindən xəsarət alan yarımmüdafiəçini həkimlər oyuna qədər hazır vəziyyətə gətirməyə çalışırlar. Lakin Vüqarın “Sumqayıt”la matça kimi sıraya dönəcəyi inandırıcı görünmür. Bunu əməkdaşımızla söhbətində “ağ-yaşıllar”ın baş məşqçisi Elbrus Məmmədov da təsdiqləyib. O bildirib ki, Bəybalayevin Sumqayıt səfərində meydana çıxmaq ehtimalı olduqca azdı.
Qeyd edək ki, martın 30-da keçiriləcək “Sumqayıt” – “Xəzər Lənkəran” görüşü saat 17:00-da başlayacaq.