[b]“Xəzər Lənkəran” yubiley, “Neftçi” rekord arzusunda[/b]
02.03.2016 - 13:06
[b]“Xəzər Lənkəran” yubiley, “Neftçi” rekord arzusunda[/b]

Azərbaycan Kubokunun 1/4 final mərhələsinin bu gün keçiriləcək ilk qarşılaşmaları çərçivəsində baş tutacaq “Xəzər Lənkəran” – “Neftçi” oyununda 41-ci “Böyük oyun” gerçəkləşəcək. Apasport.az saytının məlumatına görə, ilk dəfə 2004-cü ildə üz-üzə gələn prinsipial rəqiblərin hər ikisi ürəkaçan durumundan uzaq olsa da, duelə iddialarla çıxacaq.

 

İndiyədək “Neftçi”yə qarşı keçirdiyi 37 çempionat və 3 kubok oyununda ümumilikdə 9 qələbə qazanan cənublular meydan amilindən yararlanıb, yubiley uğuru ilə azarkeşlərini sevindirməlidi.  Sonuncu dəfə 2013-cü il oktyabrın 23-də keçirilən Premyer Liqa matçında “Böyük oyun”da qələbə əldə edən “ağ-yaşıllar” 861 günlük həsrəti qırmalıdı.

 

“Neftçi” isə səfərə ilk və rekord arzusu ilə yollanıb. Ölkə kubokunda rəqibini məğlub edə bilməyən (penaltilər seriyası nəzərə alınmadan) bakılılar qalib gəlsə, bu həsrətə son qoyacaq. Lənkəranda baş tutacaq görüşdə qələbə qazansa, paytaxt klubu ardıcıl 3 “Böyük oyun”da sevinmiş olacaq. Bu isə 12 illik duellər tarixinin rekordunun təkrarıdı.

 

Belə ki, cari mövsümün son iki oyununda 2:0 və 1:0 hesabı ilə üstün olan “ağ-qaralar” 2005-ci ildəki uğuruna yaxınlaşıb. Həmin vaxt bakılılar ardıcıl 3 çempionat matçında 3 xal əldə etmişdi. 2004/05 mövsümünün ev matçı və “Qızıl oyun”da eyni - 2:1, 2005/06 mövsümünün səfərində isə 1:0 hesabı ilə qalib gələn paytaxt klubu rəqibinə xal verməmişdi.

 

Qeyd edək ki, indiyədək keçirilən 40 oyunda “Neftçi” 14, “Xəzər Lənkəran” 9 qələbə qazanıbsa, 17 görüşdə heç-heçə qeydə alınıb. Top fərqində də bakılılar öndədi – 47:35.