“Barselona”nın baş məşqçisi Ernesto Valverde “Roma” ilə cavab qarşılaşmasının ardından media nümayəndələrinin qarşısına çıxıb. Apasport.az saytının məlumatına görə, Valverde komandasının “Roma”nın təzyiqi qarşısında aciz qaldığını bildirib.
“Roma” çox aqressiv idi. 90 dəqiqə ərzində dayanmadan pressinq edirdilər və həqiqət budu ki, təzyiq qarşısında öz oyunumuzu nümayiş etdirə bilmədik. Hər şey onların istədiyi kimi getdi. Hesabı erkən açdılar, ardından ikinci hissənin əvvəllərində yenidən fərqləndilər. O qədər yaxşı oynadılar ki, dönüş etmək imkanımız olmadı. Oyunu istədikləri istiqamətə doğru apardılar. Bizim üçün pis gün idi, çünki onların təzyiqinə qarşı qoya bilmədik. Sanki bir hiss var idi ki, üçüncü qolu vuracaqlar və sonda elə də oldu” – deyə, ispan çalışdırıcı bildirib.
Məsuliyyəti öz üzərinə götürən Ernesto Valverde “Barselona” azarkeşlərindən üzr istəyib: “Bütün məsuliyyət məşqçilərin üzərinə düşür: komandanı məşqçi müəyyənləşdirir, dəyişiklikləri o edir, həmçinin oyunun və mövsümün gedişatını da o planlaşdırır. Odu ki, bütün baş verənlərə görə mən məsuliyyət daşıyıram.
Digər hədəflərimizə köklənəcəyik, ancaq istənilən kubokda qalib olmaq çətindi. İrəlidə bizi çətin günlər gözləyir, bundan şübhəm yoxdu. Mübarizəni davam etdirdiyimiz digər turnirlərdə qalib olmağa çalışacağıq, çünki hələlik heç nə qazanmamışıq. Məğlubiyyət acıdı, ancaq irəli baxmalıyıq.
“Roma” üstün olan tərəf idi. Azarkeşlər adına üzgünəm. Yarımfinala çıxmaq istəyirdik, ancaq bu gün biz buna layiq deyildik. Bütün “Barça” fanatlarından üzr istəyirik. Bizim yaxşı, rəqabətə davamlı komandamız var, ancaq təəssüf ki, bu gün biz bunu nümayiş etdirə bilmədik”.