“Qalib gələndə kənardan hər şey yaxşı görünür. Müdafiə və hücum xətti çox yaxşı oynadı. Düşündüyümüz, planlaşdırdığımız hər şeyi bu oyunda tətbiq edə bildik. Uşaqlara təşəkkür edirəm”. Apasport.az saytının məlumatına görə, bu sözləri futzal millimizin baş məşqçisi Biro Jade deyib.
AÇ-2018-in seçmə mərhələsi çərçivəsində Albaniya millisini 5:0 hesabı ilə darmadağın edən yığmamızın braziliyalı çalışdırıcısı daha sonra sualları cavablandırıb.
- İlk hissənin əvvəlində müdafiədə blakirovkada müəyyən problemlər var idi. Sonradan bunu necə həll etdiniz?
- İzlədik, Albaniyanın oyun stilinə diqqət yetirdik və buna qarşı müəyyən tədbirlər gördük.
- Həm ilk, həm də ikinci oyunda komanda intizamsız kimi nəzərə çarpır. Artıq ilk 10 dəqiqədə komanda 4 folu var idi. Bu nə ilə əlaqədardı?
- Elə bir məşqyoxdu ki, oyunçular kobud oynamasınlar. Təbii ki, mən xəbərdarlıq edirəm ki, arxası qapıya olan heç kimə toxunmayın. Ancaq oyun epizodunda belə vəziyyətlər olur. Bu gün hakimlər də oyunu yaxşı idarə etdilər.
- Albaniyanın 14 nömrəli oyunçusunun bizim milliyə gəlmək ehtimalı var idi, sonradan həyat yoldaşı icazə vermədi. Onunla bağlı nə deyə bilərsiz?
- Gördünüz ki, çox yaxşı oyunçudu. Biz onu cəlb etmək istəyirdik. Ancaq həyat yoldaşı istəmədi gəlmək. Oyundan əvvəl feysbukda mənə pasportunu göstərdi ki, Albaniya millisindəyəm və sizə qarşı oynayacam. Bu gün isə yaxınlaşıb dedi ki, mən səhv etmişəm. Gərək sizi seçərdim.
- Bu gün hesabda irəli keçdikdən sonra yerli oyunçulara çox şans verdi. Maraqlıdı ki, Macarıstanla oyunda fərq çox olsa, yenə yerli oyunçuları meydana buraxacaqmı, yoxsa onların gücündən ehtiyatlanırmı?
- Mən işlədiyim bütün futbolçulara inanıram. Vəziyyətə görə qərar verirəm. Dünən Xətai oynamadı, bu gün bütün oyunu meydanda keçirtdi. İmkan, şərait yaradırıq, futbolçuda da inam yaranır. Məşqlərdə baxıram, hansı oyunçu hücum və müdafiəplanlarını daha yaxşı qavrayırsa, planlarıma uyğun gəlirsə, onu da oyuna salıram.
- Azərbaycanlılar futbol oynaya bilir?
- Təbii ki, bacarırlar. Mən gələcəyə çox inanıram. Düşünürəm ki, hələ nəsə çatışmır, ancaq inanıram ki, gənc oyunçularla işləsək, güclü futbolçular yetişəcək. Azərbaycanlılar texniki oyuna üstünlük verirlər. Mən Ukrayna, Rusiya, Qazaxıstan və Azərbaycanda oynamışam, düşünürəm ki, sizin oyunçuları texnikaya görə ukraynalılarla müqayisə etmək olar.
- Biro Jade ilk oyundan sonra daha əvvəl burda çalışmış həmyerlilərinin hansındansa təbrik aldımı?
- Miltinyo zəng edib təbrik elədi. Bəlkə də digərlərinin vaxtı olmayıb. Bəlkə də qrupun sonunu gözləyirlər. Bizim indi bütün hədəfimiz 100% nəticə ilə qrupdan çıxmaqdı. Təbii ki, əgər nəticə olsa, təbrik də olacaq.