[b]“Yuventus” “Barselona”nı keçdi[/b]
10.05.2017 - 09:50
[b]“Yuventus” “Barselona”nı keçdi[/b]

“Monako”nu mübarizədən kənarlaşdıran “Yuventus” tarixində 9-cu dəfə finala yüksəlib. Apasport.az saytının məlumatına görə, Turin klubu bu göstəricidə Avropanın 4-cüsü adının tək sahibinə çevrilib.

 

“Ağ-qaralar” yalnız “Real”, “Milan” və “Bavariya”dan geri qalırlar. “Kral klubu” 15-ci finalının astanasındadısa, Milanın eyniadlı təmsilçisi 11, Münhen təmsilçisi 10 dəfə həlledici oyuna çıxıb.

 

Bunadək “Yuventus” 4-cü yerin şəriki idi. Turin klubu İspaniya “Barselona”sı ilə eyni göstəriciyə sahib olsa da, artıq katalonları geridə qoyub. Turinlilər əvvəlki 8 cəhddən yalnız ikisində - 1985 və 1996-cı illərdə kuboku başı üzərinə qaldırıb. 1973, 1983, 1997, 1998, 2003 və 2015-ci illərdə isə “ağ-qaralar” finaldan məğlub ayrılıb.

 

“Yuventus”un həlledici qarşılaşmaya çıxması ilə İtaliya 28-ci final həyəcanı yaşayacaq. Bununla da appeninlilər zirvəyə şərikliyi əlində saxlayacaq. Çünki bunadək İspaniya ilə 27 finalı olan İtaliya pireneyliləri önə buraxmayacaq. Digər finalda “Real”la “Atletiko” görüşdüyündən İspaniyanın 28-ci finalı dəqiqdi. İtaliya isə “Yuventus”un sayəsində bu rəqəmə çatıb.