Azərbaycan kubokunun sabah keçiriləcək 1/4 final mərhələsinin mərkəzi oyunu Rəhim Həsənova tapşırılıb. Apasport.az saytının məlumatına görə, FİFA referisi çempionatın mükafatları uğrunda mübarizə aparan “Zirə” ilə “Qəbələ” arasında qarşılaşmada ədaləti qoruyacaq.
Bu, Həsənovun cari mövsümdə 20-ci oyunu olacaq. Premyer Liqanın 19 qarşılaşmasında fit çalan referi kubokda ilk sınağına çıxacaq. O, əvvəlki mərhələlərin görüşlərində baş hakim kimi iştirak etməyib.
Həsənov əvvəlki 19 oyunda meydan sahiblərini 48 sarı, 5 qırmızı vərəqə və 1 penalti ilə cəzalandırıb. Qonaqlar isə 56 sarı, 1 qırmızı vərəqə almaqla yanaşı, 3 penaltiyə məruz qalıb. Maraqlıdı ki, onun təyin etdiyi 3 penaltidən yalnız ikisi – ev sahibi komandanın zərbələri dəqiq olub.
İdarə etdiyi son 6 matçda eyni – 1:0 hesabı qeydə alınan, ardıcıl 8 matçdı 1-dən artıq qol görməyən FİFA referisi meydan sahiblərinin 7 qələbəsini, 8 heç-heçəsini və 4 məğlubiyyətini görüb.
Cari mövsümdə kifayət qədər uğurlu çıxış edən qəsəbə komandası Həsənovun idarəçiliyi ilə qalib gələ bilmir. 3 belə oyuna çıxan zirəlilər “Kəpəz”lə iki dəfə heç-heçə edib (1:1 və 2:2), mövsümdəki son məğlubiyyətini AZAL-dan alıb – 0:1.
Bu qarşılaşmalarda rəqibləri 3 vərəqə alan Adil Şükürovun komandası 12 sarı və 2 qırmızı vərəqəyə üzülüb. Sadiq Quliyevlə Aleksandr Şemonayevi meydandan qovan hakim debütantın qapısına 1 penalti də təyin edib. Referinin həmin qırmızı vərəqələri də Zirəyə yeganə səfərində “Kəpəz”lə 2:2 hesabı ilə nəticələnən matça təsadüf edib. Onun penalti qərarı isə AZAL-a qələbə qazandırıb.
“Qəbələ” daha çox – 6 dəfə bu hakimin idarə etdiyi oyunlarda iştirak edib. Əyalət klubu 3 ev və eyni sayda səfər görüşündə qüvvəsini sınayıb. Bu matçlarda Roman Qriqorçukun yetirmələri 3 qələbə qazanıb, 1 heç-heçə edib və 2 dəfə uduzub. “Qırmızı-qaralar” hər üç səfər qarşılaşmasında 1 qol vurmağı bacarıb. Bu görüşlərdə 30 sarı vərəqə göstərən Həsənov “Qəbələ”ni daha çox – 19 dəfə cəzalandırıb.