[b]“Zirə” “İnter”ə şərik olacaqmı?[/b]
05.07.2017 - 14:07
[b]“Zirə” “İnter”ə şərik olacaqmı?[/b]

“Zirə” digər paytaxt təmsilçisi “İnter”in rekordunu təkrarlaya bilər. Apasport.az saytının məlumatına görə, Ayxan Abbasovun yetirmələri bunun üçün avrokuboklarda debütdə mərhələni adlamalıdı.

 

Avropa Liqasının I təsnifat mərhələsinin sabah keçiriləcək cavab oyununda “Differdanj”la qarşılaşacaq “Zirə” evdə qazandığı üstünlüyü (2:0) qorusa, növbəti raunda adlayacaq. İlk cəhddə belə uğur əldə etmək isə Azərbaycan komandaları üçün nadir hadisədi.

 

1994-cü ildə qitə səhnəsində ilk matçını keçirən ölkəmizin təmsilçilərindən yalnız biri bunu bacarıb. Əvvəlki 17 klubdan 16-sı debütdə mübarizəni dayandırıbsa, “İnter”in “siftə”si uğurlu alınıb.

 

Bakılılar 2004/05 mövsümündə “Xəzər Universiteti” adı ilə qatıldığı İntertoto kubokunda Avstriya “Kazino”sunu keçib. Düzdü, səfərdə 0:4 hesabı ilə uduzan təmsilçimizin işinə rəqibin səhlənkarlığı kömək edib.

 

Adı iştirak ərizəsində olmayan futbolçunu meydana buraxan Breqents klubu bu üzdən texniki məğlubiyyət alıb. “Tələbələr” isə bu üstünlüyü evdə də 2:1 hesablı qələbə ilə artıra bilib.

 

İndiyədək “İnter” debütdə mərhələ keçən yeganə komandadı ki, sabah buna son qoyula bilər. “Zirə” həmşəhərlilərinin rekordunu təkrarlasa, onların yeganə statusu daşımasına imkan verməyəcək.