Topaz Premyer Liqasının XXIII turunda “Neftçi”yə qalib gələn (3:0) “Zirə” oyunsonrası istirahətə ehtiyac duymayıb. Klubdan apasport.az saytına verilən məlumata görə, komanda ölkə kubokunun 1/4 final mərhələsinin ilk görüşləri çərçivəsində “Qəbələ” ilə keçirəcəkləri matçın hazırlığına dünəndən başlayıblar.
Adil Şükürovun yetirmələri “qırmızı-qaralar”la qarşılaşmaya itkilərlə çıxacaqlar. Belə ki, “Zirə” bu görüşdə 3 futbolçu – Dieqo Souza, Yovan Krneta və Elvin Məmmədovun xidmətindən istifadə edə bilməyəcək.
Souza bu gündən hazırlıqlara start verəcək. Lakin bu, braziliyalı yarımmüdafiəçinin tam hazır olması demək deyil. Krneta və Məmmədov isə sabahdan etibarən kollektivlə birgə məşqlərə qatılacaqlar. Hər 3 futbolçunun əvvəlki formasını bərpa etməsi üçün vaxta ehtiyacı var. Dieqo, Yovan və Elvin ən yaxşı halda, “Qarabağ”la çempionat görüşündə meydana çıxa biləcəklər.
Yüngül zədəsi olduğu üçün “Neftçi” ilə çempionat görüşünü buraxan Anar Nəzirovla bağlı isə hər şey qaydasındadı. Məşqlərdə iştirak edən yığmanın sabiq üzvü şans veriləcəyi təqdirdə, “Qəbələ”yə qarşı oynaya biləcək.
Qeyd edək ki, martın 2-də keçiriləcək “Zirə” – “Qəbələ” qarşılaşması saat 18:00-da start götürəcək.