Topaz Premyer Liqasının XXIV turu çərçivəsində sabah “Qarabağ”la qarşılaşacaq “Zirə” oyuna tam heyətlə hazırlaşa bilmir. Apasport.az saytının məlumata görə, paytaxt klubu liderlə görüşdə 4 aparıcı oyunçusunun xidmətindən məhrum ola bilər.
Söhbət qapıçı Anar Nəzirov, müdafiəçi Yovan Krneta, yarımmüdafiəçilər Elvin Məmmədov və Dieqo Souzadan gedir. Krneta ilə Məmmədovun “Qarabağ”la görüşü buraxacağı dəqiqdi. Serbiyalı müdafiəçi və qış fasiləsində Ağdam klubundan transfer edilən yığmamızın yarımmüdafiəçisi yalnız gələn həftənin ilk günündən kollektivlə birgə məşqlərə qoşula biləcək. Onların hətta martın 9-da “Qəbələ” ilə Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab oyununu buraxmaq ehtimalları da var.
“Neftçi” ilə çempionatın ötən tur matçından bir gün əvvəl komanda yoldaşı Nurlan Novruzovla toqquşan Anar Nəzirovun durumu isə qeyri-müəyyəndi. Dizindən zədə alan yığmamızın qolkiperinin “Qarabağ”la qarşılaşmada iştirakı sual altındadı.
O ki qaldı Dieqo Souzaya, braziliyalı yarımmüdafiəçi artıq tamam sağalıb. Lakin məşqçilər korpusu “sambaçı”nın oyun praktikası qazanması üçün bir müddət əvəzedici heyətdə çıxış etməsini məsləhət görüb. Souza bu gün “Zirə”nin əvəzedici komandasının heyətində “Qarabağ”la oyunda meydana çıxacaq. Bu isə o deməkdi ki, 28 yaşlı futbolçunun sabah əsas komandada çıxış etmək ehtimalı çox azdı. Lakin Souza “Qəbələ” ilə kubok qarşılaşmasında baş məşqçi Adil Şükürovun ixtiyarında olacaq.
Qeyd edək ki, sabah keçiriləcək “Qarabağ” – “Zirə” oyunu saat 18:00-da başlayacaq.