“Zirə”nin Avropa Liqasının II təsnifat mərhələsindəki potensial rəqibi “Astra” heyətini gücləndirib. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, Rumıniya təmsilçisi bu dəfə arxa xətt oyunçusu transfer edib.
Belə ki, “Krakovya” klubunun mərkəz müdafiəçisi Pyotr Polzçak bundan sonra “Astra”nın formasını geyinəcək. Polşa millisinin sabiq üzvü yeni komandası ilə 2 illik müqaviləyə qol çəkib.
Bu isə o deməkdi ki, yeni transferlər Filip Mrzlyak, Markinyoş, Boqdan Çipirliu və Antoni Le Talleklə yanaşı, ucaboy müdafiəçi də Avropa Liqasının II təsnifat mərhələsində yeni komandasına kömək edə biləcək.
I mərhələnin ilk görüşündə “Differdanj” üzərində 2:0 hesablı qələbə qazanan “Zirə” növbəti mərhələdə rumıniyalılara rəqib olmağa çox yaxındı. Təmsilçimiz “Differdanj”la cavab görüşünü iyulun 6-da Lüksemburqda keçirəcək.