[b]“Zirə”yə qarşı oynamaq üçün 40 min avro ödədi[/b]
18.07.2017 - 10:45
[b]“Zirə”yə qarşı oynamaq üçün 40 min avro ödədi[/b]

Avropa Liqasının II təsnifat mərhələsində “Zirə”nin rəqibi olan “Astra”nın futbolçusu Filip Mrzlyak xoşagəlməz halla üzləşib. Apasport.az saytının Rumıniya mətbuatına istinadən məlumatına görə, yarımmüdafiəçi təmsilçimizlə qarşılaşmadan öncə 40 min avro ziyana düşüb.

 

Belə ki, bu yay “Astra”ya keçən xorvatiyalı qışda ayrıldığı “Panduri” rəhbərliyinin sərt tələbi ilə üz-üzə qalıb. Sonuncular Mrzlyakla yollarını ayırarkən tərəflər arasında belə razılıq əldə olunub ki, oyunçu yalnız ölkə xaricində çıxış edə bilər. Amma Filip yarım ildən sonra yenidən bu ölkəyə qayıdıb və “Astra” ilə anlaşıb.

 

“Panduri” rəsmiləri isə avrokubok oyunu öncəsi öz varlığını hiss etdirib və əllərində sənədlərlə futbolçunun qarşısında peyda olublar. Onlar Mrzlyakdan 40 min avro təzminat tələb ediblər. Əks təqdirdə 24 yaşlı oyunçu nəinki “Zirə” ilə matçda, ümumiyyətlə, sentyabra qədər heç bir görüşdə iştirak edə bilməzdi. Xorvatiyalı yarımmüdafiəçi də problemin həlli üçün “Panduri”nin tələbini yerinə yetirib.

 

Qeyd edək ki, ilk oyunda “Zirə”ni öz meydanında 3:1 hesabı ilə məğlub edən “Astra” iyulun 20-də Bakıda təmsilçimizin qonağı olacaq.