Avropa Liqasının I təsnifat mərhələsinin statistik göstəriciləri açıqlanıb. Apasport.az saytının məlumatına görə, Azərbaycan təmsilçisi “Zirə” ən yaxşılar sırasında yer alıb.
Qəsəbə klubu Lüksemburq “Differdanj”ı ilə görüşlərdə 38 dəfə qapı istiqamətində zərbə endirib. Bakılılar bu göstəricidə yarışın 9-10-cu komandasıdı. “Zirə”yə Albaniya “Skenderbeu”su şərikdi.
Bu zərbələrin yarısı – 19-u çərçivəyə düşüb. Təmsilçimiz bu nəticə ilə 4-cü yerdə qərarlaşıb. “Slovan”, “Yagelloniya” və AEL də eyni göstəriciyə malikdi.
8 künc zərbəsi yerinə yetirən zirəlilər “Reyncers” və Kutaisi “Torpedo”su ilə 8-10-cu yerləri bölüşür.
Bakı “İnter”i isə intizamlılar sırasında “onluq”dadı. Serbiya “Mladost”u ilə matçlarda 14 qayda pozuntusuna yol verən bakılılar 4-7-ci yerlərdə şəriklərdəndi. Təmsilçimiz özü 35 dəfə fola məruz qalıb. Paytaxt klubu ən çox belə duruma düşən komandalar arasında 8-9-cudu.