[b]"Mahir Şükürovun 6 aydı maaş almaması məni maraqlandırmır"[/b] - Ayhan Akman
07.04.2015 - 14:47
[b]"Mahir Şükürovun 6 aydı maaş almaması məni maraqlandırmır"[/b] - Ayhan Akman

“Mahir Şükürovla bağlı vəziyyət dəyişməyib. Yenə komandadan ayrı məşq edir”. Bu sözləri apasport.az saytına açıqlamasında Türkiyənin “Karşıyaka” klubunun baş məşqçisi Ayhan Akman deyib.

 

Millimizin üzvü Mahir Şükürovun “Karşıyaka”dakı taleyi qaranlıq olaraq qalmaqdadı. Mətbuata açıqlamasında təcrübəli futbolçu Türkiyəyə vaxtında getməməsinin uydurduğu pasport söhbəti ilə bağlı olmadığını etiraf edib. Mahir Azərbaycandan gec qayıtmasını son 6 ayın maaşını ala bilməməsi ilə əlaqələndirib.

 

Akman isə əməkdaşımızla söhbətində bu məsələnin onun üçün maraqlı olmadığını bildirib: “O mənim problemim deyil. Mən komandanın oyununa cavabdehəm. Mahirin 6 aydı maaş almaması məni maraqlandırmır. Onu heyətdən kənarlaşdırmışam və bunun səbəbini keçən dəfə sizə verdiyim müsahibədə izah etdim. Mahir maaş problemi barədə mənə məlumat verdiyini deyib? Deyə bilər. Amma bu məsələ bayaq qeyd etdiyim kimi, məni maraqlandırmır”.

 

38 yaşlı çalışdırıcı bildirib ki, Şükürovun “Karşıyaka”dan ayrılmaq ehtimalı daha çoxdu: “Mahir komandanın məşqlərinə buraxılmır. Onu heyətdən kənarlaşdırandan sonra ayrıca məşq edir. “Karşıyaka”da qalıb-qalmayacağı tam müəyyənləşməyib. Amma indiki vəziyyətdə komandadan uzaqlaşdırılacağı daha inandırıcı görünür”.

 

Tengiz MƏMMƏDOV

0