[b] Möcüzə olmasa...[/b]
05.07.2017 - 10:46
[b] Möcüzə olmasa...[/b]

Sabah Avropa Liqasında I təsnifat mərhələsinə yekun vurulacaq. Apasport.az saytının məlumatına görə, Azərbaycanın bu mərhələdəki hər iki təmsilçisi cavab oyununa çıxacaq.

 

Bakı klubları “İnter”lə “Zirə” fərqli məkanlarda, amma eyni saatda raundu keçməyə çalışacaq. Hər iki komanda matça ilk oyunda əldə etdiyi üstünlüklə başlayacaq.

 

Avrokubok təcrübəsi daha çox olan “İnter”in işi də daha asandı. Zaur Svanadzenin yetirmələri bir mövsümlük fasilədən sonra qayıtdığı Avropa səhnəsində mərhələ keçməyin bir addımlığındadı.

 

Serbiyada “Mladost”un avrokubok debütünü korlayan “İnter” rəqib meydanındakı 3:0 hesablı qələbənin təsadüf olmadığını sübut etməlidi. Düzdü, bakılıların tur adlamasına yalnız möcüzə mane ola bilər. Ancaq azarkeşlər təmsilçimizdən yenə qələbə gözləyir ki, bu da UEFA reytinqində ölkəmizin xeyrinə olacaq. Paytaxt təmsilçisinin fanatları isə sevimlilərinin yenə qollarla onları sevindirməsinə ümid edir.

 

Tarixində ilk dəfə avrokuboklarda mübarizə aparan “Zirə” də debüt ilində mərhələ keçməyə çox yaxındı. Evdə 2:0 hesablı qələbəyə sevinən Ayxan Abbasovun yetirmələri Lüksemburqda üstünlüyünü qorumalıdı. “Differdanj” təmsilçimiz üçün keçilməz sayılmasa da, bakılılar qarşılaşmaya ciddi yanaşmalıdı.

 

Bir gün öncə digər Lüksemburq təmsilçisi “Proqres”in adlı-sanlı “Reyncers”i mübarizədən kənarlaşdırması zirəliləri ehtiyatlı olmağa vadar edir. Hərçənd paytaxt təmsilçisindən səfərdə də qələbə gözləməyə dəyər. Ötən həftə Bakıda keçirilən qarşılaşma “Zirə”nin rəqibindən üstün olduğunu göstərdi ki, komandamız bunu səfərdə də nümayiş etdirməlidi.

 

Hər iki klubumuz istəyinə çatsa, Avropa Liqasının II təsnifat mərhələsində yenidən üç komandamız mübarizə aparacaq. İlk raunddan azad olan “Qəbələ”yə qoşulacaq paytaxt klubları gələn həftə avrokubok matçı keçirəcək təmsilçilərimizin sayını 4-ə çatdıracaq.

 

Avropa Liqası

I təsnifat mərhələsi, cavab oyunları

6 iyul

 

21:00. “İnter” (Azərbaycan) – “Mladost” (Serbiya)

Baş hakim: Nikolay Balakin

Baş hakimin köməkçiləri: Vladimir Volodin, Aleksandr Korniyko

Dördüncü hakim: Anatoli Jabçenko (hamısı Ukrayna)

Hakim-inspektor: Robert Malek (Polşa)

UEFA nümayəndəsi: Sergey Lisniç (Moldova)

Bakı. “Dalğa Arena” stadionu

İlk oyun – 3:0

 

21:00. “Differdanj” (Lüksemburq) – “Zirə” (Azərbaycan)

Baş hakim: Boris Marhefka

Baş hakimin köməkçiləri: Tomaş Vorel, Yan Pozor

Dördüncü hakim: Pavol Xmura (hamısı Slovakiya)

Hakim-inspektor: İçko Lozev (Bolqarıstan)

UEFA nümayəndəsi: Marton Esterhazi (Macarıstan)

Differdanj Şəhər Munisipal stadionu

İlk oyun – 0:2