“Qarabağ”ın müdafiəçisi Qara Qarayev Topaz Premyer Liqasının sonuncu turunda AZAL üzərində qazanılan 3:0 hesablı qələbədən sonra jurnalistlərə müsahibəsində apasport.az saytının əməkdaşının da suallarını cavablandırıb
- Ardıcıl üçüncü dəfə çempion olursuz. Bu mukafat dəyərini itirmir?
- Hələ mövsümü başa çatmayıb. Hər titulun öz yeri, gözəlliyi var. İndiyə qədər istəyimizə çatmışıq. Kubokun finalında da qələbə qazanıb, mövsümü "qızıl dubl"la başa vurmaq istəyirik.
- Gənc yaşda 3 dəfə çempion olmağın hissələrini necə, bölüşə bilərsinizmi?
- Gözəl duyğulardı. Artıq gələcəkdə nəvələrimə göstərə biləcəyim daha bir medal qazandım. Bunu mənə lütf elədiyinə görə, Tanrıya təşəkkür edirəm. Bu mükafatlar bizi çox çalışmağa məcbur edir.
- Azərbaycanda mümkün olan ən yüksək titulu qazanmısınız. Bəs hədəfləriniz böyümürmü? Ölkə xaricinə çıxmağı düşünmürsünüzmü?
- Qışda əcnəbi klublardan təklif almışdım. Təbii ki, böyüklərimlə, məşqçilərimlə məsləhətləşmələr apardıq. Qaneedici şərtlər olsa, ölkə xaricinə yollanmaq olar. Amma bu gün getməklə bağlı plan yoxdu.
- “Neftçi”yə keçəcəyinizlə bağlı xəbər yayılıb. Nə dərəcədə realdı?
- Həqiqəti əks etdirmir, yalan xəbərlərdi. Heç bir yerə getmirəm. Dəyişiləsi situasiya yoxdu. Komandamın simpatiyası, hörməti məni burda qalmağa məcbur edir.
- Artıq Migel yaxşı formadadı. Onun sizi ehtiyata atacağından çəkinmirsiniz?
- Bu suallara baş məşqçi cavab verə bilər. Desəm ki, mən çox oynayacam, başqa cür alınacaq. Baş məşqçimizin qərarına hörmətlə yanaşacam. Az və ya çox oynamağımdan asılı olmayaraq, bu bayraq altında çıxış etmək qürurvericidi.
- Kubok oyunundan dərhal sonra millinin toplanışına qoşulacaqsınız. Gücünüz yetəcəkmi?
- Bəzi futbolçular dincəlməyə yollanacaq, amma bizim işimiz mayın 25-dən sonra da davam edəcək. Çempionat başa çatsa da, millinin toplanışına qatılacağıq. Özümüzdə güc hiss edirik.
- Avrokuboklar öncəsi yorğunluq yaratmayacaq?
- Bu, bizim işimizdi. Sona qədər oynayacağıq. Yorulsaq da, hiss etdirməməyə çalışacağıq.