“Bakı”nın futbolçuları məndən neçə yaş kiçikdilər. Onları heç söymərəm axı. Ümumiyyətlə, karyeram ərzində bir dəfə də meydanda kimisə söyməmişəm”. Bu sözləri apasport.az saytına AZAL-ın kapitanı Rəşad Abdullayev deyib.
Topaz Premyer Liqasının XXV turu çərçivəsində “Bakı” ilə qarşılaşan AZAL qələbə qazansa (2:0) da, əsas oyunçusu Rəşad Abdullayevi itirib. Baş hakim Rəhim Həsənov son dəqiqələrdə rəqibi təhqir etdiyinə görə, Abdullayevi meydançadan qovub.
Lakin təcrübəli futbolçu söyüş işlətmədiyini iddia edib: “Oyun ərzində bir neçə dəfə rəqibin oyunçusunun yerdə olduğunu görüb, topu kənara çıxarmışdıq. Ancaq biz epizodda mən zədələnib, yerdə qaldım. Amma məni yıxan oyunçu yerdə olduğumu görə-görə oyunu davam etdirdi, nəticədə rəqib təhlükəli hücum etdi. Mən də yaxınlaşıb ona topu kənara çıxarmalı olduğunu dedim. Ona başa saldım ki, cavan uşaqsan, indidən belə edirsənsə, axırın necə olacaq? Etiraf edirəm ki, kobud şəkildə dedim. Amma ağzımdan söyüş çıxmadı. Hakim də gözlənilmədən mənə qırmızı vərəqə göstərdi”.
Qeyd edək ki, AZAL hazırda 28 xalla 6-cı pillədə qərarlaşıb.
Ruslan SADIQOV