[b]"Qəbələ"də növbəti ayrılıq[/b]
26.05.2016 - 15:07
[b]"Qəbələ"də növbəti ayrılıq[/b]

Azərbaycan çempionatının bürünc mükafatçısı “Qəbələ”də daha bir futbolçunun taleyinə aydınlıq gəlib. Apasport.az saytının məlumatına görə, Ermin Zets, Samir Zərgərov, Luis Hilario Dodo, Aleksey Qay və Arif Daşdəmirovun ardınca Ruslan Abışovla da yollar ayrılıb.

 

“Qırmızı-qaralar”la müqaviləsinin müddəti başa çatmış Abışovla klub rəhbərliyi əməkdaşlığı davam etdirməkdə maraqlı olub. Lakin 27 yaşlı müdafiəçi karyerasını paytaxt komandalarından birində davam etdirmək arzusundadı. Adı “İnter”lə birgə hallanan Ruslanın elə bu kluba keçəcəyi gözlənilir. Millinin toplanışından qayıtdıqdan sonra Abışovun yeni komandasının adı rəsmən bəlli olacaq.

 

Təcrübəli müdafiəçinin “Qəbələ”dən getdiyini klubun meneceri Səbuhi Səfiyarlı da təsdiqləyib: “Çox güman ki, Ruslan Abışov “Qəbələ”də qalmayacaq. Çünki Bakı komandasında oynamaq istəyir”.

 

Azərbaycan yığmasının da formasını geyinən Ruslan “qırmızı-qaralar”la vidalaşan 6-cı futbolçu olub.

 

Qeyd edək ki, Avropa Liqasında iştirak etmək hüququ qazanan “Qəbələ” hələlik Dmitri Bezotosnı, Rəşad Sadiqov və Asif Məmmədovla yeni müqavilə imzalayıb.