[b]Abdullayev üzr istədi, Məmmədov iddialı danışdı[/b]
02.03.2016 - 16:24
[b]Abdullayev üzr istədi, Məmmədov iddialı danışdı[/b]

“Komanda qarşısına qoyulan minimum tapşırığı yerinə yetirdi. Əsas qələbə qazanmaq idi ki, bunu bacardıq”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Xəzər Lənkəran”ın baş məşqçisi Elbrus Məmmədov deyib.

 

Ölkə kubokunun 1/4 final mərhələsinin ilk oyunları çərçivəsində keçirilmiş “Xəzər Lənkəran” – “Neftçi” matçı ev sahiblərinin 3:2 hesablı qələbəsi ilə başa çatıb.

 

Matçdan sonra təşkil olunan mətbuat konfransında “ağ-yaşıllar”ın çalışdırıcısı qələbəni şərh edib: “Bu gün qələbəyə layiq “Xəzər Lənkəran” idi. Amma bu qələbə ilə kifayətlənmək olmaz. Maksimum tapşırıq növbəti mərhələyə keçməkdən ibarətdi. İnşallah, cavab oyununda da vuruşacağıq”.

 

“Neftçi”nin baş məşqçisi Əsgər Abdullayev də fikirlərini bölüşüb. O qeyd edib ki, növbəti mərhələyə adlayacaq komandanın adı cavab görüşündən sonra bəlli olacaq: “Bilirdik ki, “Xəzər Lənkəran” “Neftçi”yə qarşı həmişə başqa motivasiya ilə oynayır. Bu barədə futbolçulara məlumat vermişdik. Buna rəğmən, məğlub olduq. Təəssüf ki, qol imkanlarından maksimum istifadə edə bilmədik. Amma bir şeyi qeyd edim ki, kubok 2 oyundan ibarətdi. Hər şey Bakıdakı görüşdən sonra bəlli olacaq”.

 

Abdullayev qeyri-stabil çıxışa görə “Neftçi” azarkeşlərindən üzr istəyib: “Son oyunlarda azarkeşlərimizi sevindirə bilmirik. Onlar bu görüşdə bizdən daha çox qələbə gözləyirdilər.  Məğlubiyyətə görə, azarkeşlərimizdən üzr istəyirəm. Amma bizə inansınlar, sona qədər dəstəkləsinlər”.