[b]AFFA-nın qeyri-adi addımı[/b]
03.02.2017 - 10:05
[b]AFFA-nın qeyri-adi addımı[/b]

Premyer Liqanın XVI turuna hakim təyinatlarını açıqlayan AFFA-nın Hakimlər Komitəsi (HK) qeyri-adi addımı ilə diqqət çəkib. Apasport.az saytının məlumatına görə, hakimlərin azlığından əziyyət çəkən HK “Qarabağ” AZAL arasındakı görüşə yenə Orxan Məmmədovu baş hakim təyin edib.

 

Qərarın əcaibliyi ondadı ki, rəqiblərin ilk iki dövrədə keçirilən matçlarında da eyni hakim olmuşdu. Hakim yetişdirmək əvəzinə, referilərin ardıcıl qalmaqallı qərarları ilə diqqət mərkəzində olan Xaqani Məmmədovun rəhbəri olduğu HK, deyəsən təyinat verməyə də adam tapmır. Yoxsa ki, sabiq FİFA referisinin mövsümdə 3-cü dəfə “Qarabağ” – AZAL görüşünə təyinat almasına başqa ad vermək çətindi.

 

IV turda ağdamlıların 6:0 hesablı qələbəsini qeydə alan Məmmədov 3 sarı vərəqə göstərmişdi. O, meydan sahiblərindən Maksim Medvedev, qonaqlardan David Canelidze ilə Elşad Manafovu cəzalandırmışdı.

 

İkinci dövrədə, X turun matçında da AZAL məğlub olub – 0:1. Məmmədov bu dəfə Emin Cəfərquliyev, Kamal Mirzəyev və Tural Hümbətovu sarı vərəqəyə qonaq edib. Qonaqlarda isə Bədavi Hüseynov cəzalanıb.

 

Mövsümdə cəmi 5 dəfə Premyer Liqada baş hakim olan Məmmədovun 2 dəfə eyni rəqiblərin matçını idarə etməsi də qəribədi. O, daha bir dəfə AZAL-ın ev oyununda fit çalıb. “Kəpəz”in 1:0 hesablı qələbəsi ilə nəticələnən oyunda hər komandaya bir “sarı” verib.

 

Ümumiyyətlə, Məmmədov həm meydan sahibi, həm qonaq komandaya 10 sarı vərəqə göstərib. Bir dəfə isə qonaqları iki sarı vərəqə üzündən azlıqda qoyub. Bu görüşlərdə 1 dəfə meydan sahibləri 6:0 hesabı ilə qalib gəlibsə, 1 dəfə 1:1 hesabı qeydə alınıb. Digər 3 qarşılaşmada isə qonaqlar 1:0 hesabına sevinib.