[b]AFFA 4 hakimi I diviziona “sürgün” etdi[/b]
13.04.2016 - 17:37
[b]AFFA 4 hakimi I diviziona “sürgün” etdi[/b]

Topaz Premyer Liqasında oyunlar idarə edən 4 hakim I diviziona göndərilib. Apasport.az saytının məlumatına görə, bunlar arasında ən çox diqqət çəkən Rəhim Həsənovdu.

 

Cari mövsümdə Premyer Liqada ən çox oyun idarə edən FİFA referisi aprelin 15-də aşağı liqanın XXII turu çərçivəsində baş tutacaq “Bakılı” – “Şəmkir” görüşünə təyinat alıb.

 

Ötən turda “Sumqayıt” – “Qəbələ” qarşılaşmasının son dəqiqələrində qonaqların qapısına mübahisəli penalti təyin edən Ömər Paşayev də I diviziona “sürgün edilib”. Onunla birlikdə laysmanları Elman Musayev və Vüqar Bayramov aşağı liqaya göndəriliblər. Bu briqada aprelin 15-də “Neftçala” – “Zaqatala” oyununda ədalət təmsilçiləri olacaq.

 

Bundan başqa, Ramil Diniyev və digər FİFA hakimi Orxan Məmmədov da I divizionda oyun idarə edəcəklər. Onlar müvafiq olaraq “Qaradağ Lökbatan” – “Turan Tovuz” və “Şərurspor” – MOİK qarşılaşmasında fit çalacaqlar.

 

Hakim azlığı ucbatından Diniyev Lökbatandakı matçdan cəmi iki gün sonra Premyer Liqanın XXX turunun ən maraqlı qarşılaşmalarından biri hesab edilən “Neftçi” – “Qarabağ” oyununda baş hakim funksiyasını yerinə yetirəcək. Orxan Məmmədov da Azərbaycan derbisində 4-cü hakim olacaq.

 

Rəhim Həsənov isə aprelin 17-də “Zirə” – “Xəzər Lənkəran” görüşünün 4-cü hakimi kimi fəaliyyət göstərəcək.

 

Göründüyü kimi, I diviziona təyinat alan Premyer Liqa hakimlərindən yalnız Ömər Paşayev yüksək liqanın XXX turunda kənarda qalacaq. Bu isə onun “Sumqayıt” – “Qəbələ” oyunundakı səhvi ucbatından I diviziona göndərilməklə cəzalandırıldığı ehtimalını artırır.