[b]AFFA nümayəndəsinin AFFA-ya gətirdiyi arayış: Məhkəmə qərarı gəlməmişdi[/b]
16.05.2016 - 12:30
[b]AFFA nümayəndəsinin AFFA-ya gətirdiyi arayış: Məhkəmə qərarı gəlməmişdi[/b]

2015-ci ilin dekabrında dələduzluqda günahlandırılaraq barəsində həbs qətimkan tədbiri seçilən veteran futbolçu Maşallah Əhmədovun cəzası sonradan ev dustaqlığı ilə əvəzlənmişdi. Apasport.az saytının məlumatına görə, “Neftçi”nin sabiq oyunçusu ötən 4 ay müddətində ev dustağı olmasına baxmayaraq, AFFA nümayəndəsi kimi bir neçə tura təyinat alıb.

 

O, qış fasiləsindən sonra Premyer Liqanın 3 qarşılaşmasında iş başında olub.

 

Belə ki, fevralın 27-də Topaz Premyer Liqasının XXIII turu çərçivəsində baş tutan “Kəpəz” – “Sumqayıt” görüşü üçün Gəncəyə səfər edən Əhmədov mayda da 2 dəfə Qəbələdə olub. Futbol mütəxəssisi mayın 1-də (XXXII tur) “Qəbələ” – “Neftçi”, dünən isə (XXXV tur) “Qəbələ” – AZAL görüşlərinin AFFA nümayəndəsi kimi fəaliyyət göstərib. Həmçinin, Hakim İnspektorlar Komitəsi ölkə kubokunun yarımfinal mərhələsi çərçivəsində aprelin 27-də keçirilmiş “İnter” – “Qarabağ” oyununa da onu göndərib.

 

Dekabrın 30-da Binəqədi Rayon Məhkəməsi tərəfindən 3 aylıq ev dustaqlığına buraxılan və aprelin 12-də cəza müddəti daha 1 ay uzadılan Əhmədovun bu vəziyyətdə bölgələrə səfər etməsi maraq doğurmaya bilməz.

 

AFFA-nın hüquqşünası Rəmiş Malıyev əməkdaşımızla söhbətində Maşallah Əhmədovun onlara arayış gətirdiyi üçün Hakim İnspektorlar Komitəsi tərəfindən təyinat aldığını deyib: “Bilirsiz, ilk vaxtlar bu məsələni ancaq mətbuat vasitəsilə izləyirdik. Bizə konkret məhkəmə qərarı gəlməmişdi. Bu səbəbdən də Maşallah müəllim fevralda bir qarşılaşmaya təyinat almışdı. Lakin sonra məhkəmə qərarı ilə tanış olduq və onun oyunlara göndərməməsi qərara alındı. Maşallah müəllim də təxminən bir ay əvvəl İstintaq İdarəsindən arayış gətirdi. Həmin arayışda onun işləyə bilməsi üçün icazə var idi. Bu üzdən də aprel və may aylarındakı matçlarda təyinat almasında bir maneə qalmadı”.

 

Hakim İnspektorlar Komitəsinin sədri Əli Hüseynov da veteran futbolçuya arayış əsasında təyinat verdiklərini bildirib: “Maşallah müəllim təyinat almırdı. Ona dedik ki, işləməyinə icazə verən arayış gətirməsən, oyunlara getməyəcəksən. O da müvafiq orqanlardan sənəd gətirdi. Ondan sonra təyinatı üçün bir problem olmadığından, Maşallah müəllimi AFFA nümayəndəsi kimi oyunlara göndərdik”.

 

Qeyd edək ki, Maşallah Əhmədov bir neçə nəfərə 150 min manatdan artıq dəyərində daş plitə gətirəcəyini vəd etsə də, sözünün üstündə durmadığı üçün dekabr ayında Binəqədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılmış və həmin ayın 30-da ev dustaqlığına buraxılmışdı. Onun ev dustaqlığı müddəti artıq başa çatsa da, cinayət işi üzrə ibtidai istintaq davam edir.

 

Xatırladaq ki, Azərbaycan futbolunun ən güclü hücumçularından olan Maşallah Əhmədov 1959-cu ildə Gəncədə anadan olub. O, 1977-ci ildən "Neftçi" klubunda oynayıb. M. Əhmədov 1995-ci ildə əsas milli komandada məşqçi, U-21-də isə baş məşqçi funksiyasını yerinə yetirib. O, 2008-ci ilin dekabrından etibarən İsgəndər Cavadovun rəhbərlik etdiyi Azərbaycan Regional Futbol Federasiyaları Assosiasiyasının vitse-prezidentidi.

 

Ruslan SADIQOV