“Arsenal”ın çilili futbolçusu Aleksis Sançes karyerasını Almaniyada davam etdirə bilər. Apasport.az saytı “Le Parisien” nəşrinə istinadən xəbər verir ki, 28 yaşlı hücumçu “Bavariya”ya keçməyə çox yaxındı.
Sançes bir müddət öncə açıqlamasında “topçular”ın baş məşqçisi Arsen Vengerlə danışacağını və gələcək karyerası ilə bağlı qərar verəcəyini vurğulamışdı. Təcrübəli futbolçunun Münhen klubuna keçmək qərarına gəldiyi bildirilir. Bu məsələdə Aleksisin həmyerlisi, “Bavariya”nın futbolçusu Arturo Vidal da vasitəçilik edir. Məhz onun Sançesi razı saldığı deyilir.
Keçid “Bavariya”ya 40 milyon avroya başa gələcək.
Qeyd edək ki, əvvəllər “Udineze” və “Barselona” kimi klubların da formasını geyinmiş Aleksis Sançes 2014-cü ildən “Arsenal”ın üzvüdü.