“Arsenal”ın hücumçusu Aleksis Sançes gələcək karyerası ilə bağlı qərarını verib. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, çilili forvard yayda klubunu dəyişəcək.
Buna səbəb ulduz futbolçunun komanda yoldaşları ilə yola getməməsidi. Premyer Liqanın XXVII turunda “Liverpul”la (1:3) qarşılaşmadan öncəki məşqdə intizamsız davranışlarla diqqət çəkən Sançes bu üzdən matça ehtiyat oyunçular skamyasından başlamışdı. Baş məşqçi Arsen Vengerin bu qərarından sonra rəhbərliklə görüşən 28 yaşlı oyunçu yeni müqavilə imzalamayacağını və mövsümün sonunda ayrılmaq istədiyini bildirib.
Baş verənlərdən yararlanan “Yuventus” vaxt itirmədən ingilislərlə danışıqlara başlayıb. İtaliya çempionu London təmsilçisinə 30 milyon avro təklif edib.
Qeyd edək ki, “Arsenal”a 2014-cü ildə “Barselona”dan keçən Aleksis Sançesin “topçular”la anlaşma müddəti gələn ilin yayına qədərdi.