DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Azərbaycan millisinin qonağı olacaq Almaniya yığmasının yarımmüdafiəçisi Yulian Drakslerin zədəsi sağalıb. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, PSJ-nin futbolçusu sabahkı qarşılaşmaya hazırdı.
Belə ki, zədə ucbatından martın 22-də İngiltərə ilə keçirilən yoldaşlıq görüşünü (1:0) buraxan ulduz futbolçu Bundestimin dünənki məşqində iştirak edib. Baş məşqçi Yoahim Lövün Bakıya gətirdiyi 24 yaşlı oyunçu sabah meydana çıxa bilər.
Drakslerdən fərqli, digər yarımmüdafiəçi Məsut Özil və hücumçu Mario Qomesin durumu qeyri-müəyyənliyini qoruyur. Onlarla bağlı yekun qərar bugünkü məşqdən sonra veriləcək.
Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək Azərbaycan – Almaniya oyunu saat 20:00-da başlayacaq.