[b]Ansi Aqolli: “Qarabağ”ın oyunçuları püşkə görə sevinirlər - MÜSAHİBƏ[/b]
26.01.2018 - 12:27
[b]Ansi Aqolli: “Qarabağ”ın oyunçuları püşkə görə sevinirlər - MÜSAHİBƏ[/b]

“Qarabağ”ın albaniyalı müdafiəçisi Ansi Aqolli ölkəsinin mətbuatına müsahibə verib. Apasport.az saytının məlumatına görə, təcrübəli futbolçu Azərbaycan yığmasının Millətlər Liqasındakı şansı haqda da fikirlərini bildirib.

 

- Millətlər Liqası yeni turnirdi. Bunu AVRO-2020 üçün yeni şans saymaq olarmı?

- Bu turnir, həqiqətən də, çox yaxşı imkan deməkdi. Avropa çempionatının final mərhələsinə vəsiqə əldə etmək üçün əlavə şansdı.

 

- Bu turnir Albaniya millisinin Avropa çempionatına çıxmaq şansını artırdımı?

- Eyforiyaya qapılmaq hələ tezdi. İlk növbədə, komandanın oyunlar vaxtı hansı formada olacağı böyük önəm kəsb edir.

 

- Albaniya yığmasının yer aldığı qrupu necə dəyərləndirirsiz?

- Qrupumuzda Şotlandiya kimi komanda var ki, onlara qarşı fiziki cəhətdən çətinlik çəkəcəyik. İsrail millisini son seçmə mərhələdə eyni qrupda oynadığımızdan, yaxşı tanıyırıq. Hər şey ola bilər. Amma mən yaxşısına ümid edirəm. Niyə də birinci yeri tutmayaq? Bu bizim əsas məqsədimiz olacaq.

 

- Millətlər Liqasında Azərbaycan və Kosovo milliləri eyni qrupa düşüb. Azərbaycan yığmasının əksər oyunçuları ilə yanaşı, baş məşqçi də sizinlə eyni klubda – “Qarabağ”dadı. Püşkatmadan sonra Qurban Qurbanov nə dedi?

- Mən onunla hələ danışmamışam. Çünki püşkatma vaxtı Qurbanov İsveçrədə idi. Amma belə görürəm ki, “Qarabağ”ın oyunçuları püşkün nəticəsinə görə sevinirlər. Çünki onlar daha güclü qrupa düşəcəklərini fikirləşirdilər. Mənim fikrimcə isə bu, çox balanslaşmış qrupdu və ordakı komandaların oyun üslubu arasında böyük fərq var. Bu qrupla bağlı bütün suallar hələ açıq qalır.

 

- Azərbaycan yığması haqda hansı fikirdəsiz?

- Azərbaycan millisini yaxşı tanıyıram. Çünki bu komandanın oyunçularının çoxu “Qarabağ”ın üzvüdü. Mən də uzun illər “Qarabağ”da oynadığımdan, onların keyfiyyətinə bələdəm. Bir daha qeyd edim ki, bu qrupda hadisələrin necə cərəyan edəcəyi bilinmir və hər şey mümkündü.

 

- Qrupun favoriti kimi sayırsız: Kosovonu, yoxsa Azərbaycanı?

- Bunu deyə bilmərəm. Çünki komandaların həmin vaxtkı durumlarını görmək lazımdı. Millətlər Liqasının başlamasına hələ bir neçə ay var. Yığmaların həmin müddətdə hansı durumda olacaqları önəmlidi. 8 ilə yaxındı ki, Azərbaycandayam. Bilirəm ki, bu komanda yaxşı keyfiyyətlərə malikdi və inkişaf etməkdədi. Buna baxmayaraq, Kosovo millisinin də kifayət qədər yaxşı komanda olduğunu deməliyəm. Onların Avropanın nüfuzlu liqalarında çıxış edən, güclü futbolçuları var. Bu səbəbdən də indidən proqnoz vermək çətindi.  

0