[b]Aqolli baş məşqçisiz qaldı[/b]
14.06.2017 - 18:00
[b]Aqolli baş məşqçisiz qaldı[/b]

“Qarabağ”ın müdafiəçisi Ansi Aqollinin kapitanı olduğu Albaniya yığması baş məşqçisiz qalıb. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, albanların çalışdırıcısı Canni de Byazi vəzifəsindən istefa verib.

 

60 yaşlı mütəxəssisin DÇ-2018-in seçmə mərhələsinin sonunda, yəni oktyabrda ayrılması gözlənilirdi. Lakin mətbuat konfransı təşkil edən italyan çalışdırıcı uzun müddətdi rəhbərlik etdiyi komandadan getdiyini açıqlayıb: “Heç nə geridə qalan 5 il yarım ərzində tanımaq imkanım olan insanlarla aramdakı əlaqəni qopara bilməz”.

 

De Byazi ötən il komandanı Avropa çempionatının final mərhələsinə daşıyaraq tarixi uğura imza atsa da, cari seçmə mərhələdə uğursuz çıxışla diqqət çəkib. Belə ki, G qrupunda 9 xalla 3-cü sırada qərarlaşan Albaniya millisi liderlər İspaniya və İtaliyadan 7 xal geri qalır.

 

Qeyd edək ki, albanlar Canni de Byazinin rəhbərliyi altında keçirdiyi son görüşdə İsraili 3:0 hesabı ilə məğlub edərək, qrupda 3-cü qalibiyyətini qazanmışdı.