Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk oyunu “Neftçi”nin kapitanı Araz Abdullayev üçün əlamətdar olacaq. Apasport.az saytının məlumatına görə, “ağ-qaralar”ın heyətində 2008/09 mövsümündə debüt edən 24 yaşlı yarımmüdafiəçi ölkə kubokunda yubiley matçına çıxacaq.
Belə ki, “Xəzər Lənkəran”la səfər matçı onun bu turnirdə 25-ci oyunu olacaq. Yarımmüdafiəçi indiyədək keçirdiyi 24 qarşılaşmalarda 3 qol vurmağı bacarıb. Abdullayev bütün kubok matçlarını eyni komandada – “ağ-qaralar”ın heyətində keçirib. O, bu göstəricidə “Neftçi”nin indiki heyətində rekordçudu.
Son 3 mövsümdə komandası ilə finala yüksələn yarımmüdafiəçi 2012/13 və 2013/14 mövsümlərində kuboku qazanıb, 2014/15-də isə həlledici matçda titulla vidalaşıb. Legioner həyatı yaşadığından 2011/12 mövsümündə kubok yarışında iştirak etməyən futbolçu komandasının həmin finalda pay sahibi olmayıb.
Qeyd edək ki, “Xəzər Lənkəran” – “Neftçi” oyunu sabah keçiriləcək.