[b]Artyom Milevski Azərbaycanla bağlı qərarını verdi[/b]
03.03.2016 - 09:47
[b]Artyom Milevski Azərbaycanla bağlı qərarını verdi[/b]

“Milevski üçün yeni klub axtarışlarımızı davam etdiririk. O, oynamaq istəmədiyi ölkələrin adlarını da bizə verib”. Apasport.az saytının məlumatına görə, bunu Ukrayna yığmasının sabiq hücumçusu Artyom Milevskinin meneceri Aleksandr Pankov deyib.

 

Rumıniyanın “Konkordiya” klubunun düşərgəsində olan 31 yaşlı forvard orda qalmaq fikrində deyil. Pankov Ukrayna mətbuatına açıqlamasında Milevskinin Azərbaycanla bağlı qərarını da bildirib.

 

Təxminən iki il əvvəl Milevskinin adı Azərbaycan klubları ilə birgə hallanırdı. Lakin həmin vaxt o, Xorvatiya təmsilçisi “Hayduk”a keçməyi üstün tutmuşdu.

 

Menecer Kiyev “Dinamo”sunun sabiq üzvünün ölkəmizlə bağlı qərarını dəyişmədiyini deyib: “Portuqaliyada yaxşı bir variant var idi. Sadəcə, danışıq müsbət nəticələnmədi. BATE sərfəli təklif göndərdi və keçidi tezliklə rəsmiləşdirməyə çalışdı. Lakin biz danışığı dondurduq və bu variantı ikinci plana atdıq. Futbolçu Tailand, Vyetnam, Çin kimi yerlərə getməyə özünü hazır saymır. Rusiyadan da təklif oldu, ancaq Artyom razılıq vermədi. Səbəb siyasi məsələ deyil. Rusiyaya getmək istəyi yoxdu. Həmçinin Qazaxıstan və Azərbaycanda da oynamaq fikrindən uzaqdı. Ukraynada isə yaxşı komanda çox azdı”.

 

Qeyd edək ki, 2006-2012-ci illərdə Ukrayna yığmasının heyətində 50 oyunda iştirak edən Artyom Milevski karyerasının böyük hissəsini Kiyev “Dinamo”sunda keçirib. O, həmçinin Türkiyə və Xorvatiyada da legioner həyatı yaşayıb.