[b]Avropa çempionatı “Xəzər Lənkəran”ın planlarını pozur[/b]
14.04.2016 - 10:57
[b]Avropa çempionatı “Xəzər Lənkəran”ın planlarını pozur[/b]

“17 yaşadək futbolçular arasında Bakıda keçiriləcək Avropa çempionatı bizə müəyyən problemlər yarada bilər. Çünki bəzi oyunçularımız milliyə çağırılırlar”. Bunu apasport.az saytına “Xəzər Lənkəran” klubunun baş məşqçisi Elbrus Məmmədov deyib.

 

Gələn ay paytaxtımızda təşkil ediləcək 17 yaşadək futbolçular arasında Avropa çempionatı “Xəzər Lənkəran”ın planlarını poza bilər. Çünki, onsuz da, gənclərin ümidinə qalan cənub təmsilçisinin 3 üzvü hazırda həm də U-17-yə dəvət alır. Bunlar İbrahim Qədirzadə, Yusif Həsənov və Xaqani Sadıqovdu. Həmin futbolçular milliyə dəvət alsalar, “Xəzər Lənkəran” mayda onların xidmətindən yararlana bilməyəcək.

 

“Ağ-yaşıllar”ın baş məşqçisi bildirib ki, milli naminə bu çətinliyə dözmək lazımdı: “Çox çətin olacaq. Desəm ki, onları əvəz edəcək oyunçular var, yalan olar. Hər futbolçunun öz xüsusiyyəti var. Onların sərgilədiyi oyunu başqası göstərə bilməyəcək. Həm də tempi tutmuşdular, yaxşı çıxış edirdilər. Amma çalışacağıq ört-basdır edək. Söhbət yığma komandadan gedirsə, klublar çətinliklərə dözməlidilər. Ümid edirəm ki, millimiz Avropa çempionatında uğurlu çıxışı ilə bizi sevindirəcək”.

 

Qeyd edək ki, Avropa çempionatı mayın 5-dən 21-dək keçiriləcək. Aprelin 18-dən bu turnirin hazırlığına başlayacaq yığmamız finala qədər irəliləyə bilsə, “Xəzər Lənkəran” milliyə çağırılan oyunçularının xidmətindən mövsümün sonuna qədər yararlana bilməyəcək.