Çempionlar Liqasının ardınca Avropa Liqasında da ötən həftənin ən yaxşı oyunçusu müəyyənləşib. Apasport.az UEFA-nın saytına istinadən xəbər verir ki, bu ada türkiyəli futbolçu layiq görülüb.
Belə ki, qitənin ali futbol qurumunun keçirdiyi sorğuda “Konyaspor”un qapıçısı Sərkan Kırıntılı bütün rəqiblərini qabaqlayıb. 43 faiz səs toplayan qolkiper əsas rəqibləri Kərim Əl Əhmədi (“Feyenord”, 34 faiz) və Esteban Kambiasso (“Olimpiakos”, 8 faiz) ilə mübarizədən qalib ayrılıb.
İlk “beşlik”də “Qarabağ”ın qrupdakı rəqiblərindən olan PAOK-un qapıçısı Panagiotis Qlikos (7 faiz) və “Beer Şeva”nın yarımmüdafiəçisi Maor Buzaqlo (4 faiz) da qərarlaşıb.
“Qarabağ” və “Qəbələ”dən isə heç bir futbolçu fərqlənən oyunçuların sırasına düşməyib.
Qeyd edək ki, Sərkan Kırıntılı Avroliqanın qrup mərhələsinin ilk turu çərçivəsində “Şaxtyor”la (Donetsk) matçda 9 dəfə komandasını qoldan xilas edib. Buna baxmayaraq, o, “Konyaspor”un 0:1 hesablı məğlubiyyətinə mane ola bilməyib.