Azərbaycanı avrokuboklarda təmsil edəcək 4-cü komandanın adına Premyer Liqanın XXVIII turu aydınlıq gətirəcək. Apasport.az saytının məlumatına görə, mövsümün son turu “Qarabağ”, “Qəbələ” və “İnter”lə birlikdə qitə kuboklarında oynayacaq sonuncu komandanı müəyyənləşdirməlidi.
Artıq bu yeganə vəsiqənin cəmi iki iddiaçısı qalıb. Bunlar “Zirə” və “Kəpəz”di. Düzdü, turnir cədvəlinə əsasən “Sumqayıt”ın da nəzəri şansı olduğu görünür. Çünki hazırda “Zirə”nin 34, “Kəpəz”in 33 və “Sumqayıt”ın 32 xalı var.
İlk baxışdan onların hər birinin Avropa Liqasına vəsiqə verən 4-cü pilləyə sahib olmaq şansları qalıb. Amma AFFA-nın İntizam Komitəsinin sabahkı qaçılmaz qərarı hər şeyi dəyişəcək.
Söhbət “Zirə” ilə görüşdə (2:2) legioner limitini pozan “Neftçi”yə texniki məğlubiyyətin verilməsindən gedir. Bunun gerçəkləşməsi isə “Sumqayıt”ın ümidinin üstündən xətt çəkir. Hərçənd, XXVII turadək “Neftçi” də, “Gənclik şəhəri” təmsilçisi də nəzəri cəhətdən Avropadan dəm vura bilərdi. Amma indi...
Komitənin verəcəyi qərardan sonra “Zirə”nin 36, “Kəpəz”in 33, “Sumqayıt”ın 32 xalı olacaq. Sonuncular finişə 1 tur qalmış yalnız 5-ci yerə ümid edə bilər. “Zirə”ylə “Kəpəz” isə aprelin 29-da Avropa Liqası üçün son döyüşünə çıxacaq.
Həmin gün “Zirə” səfərdə AZAL-ın qonağı olacaq. “Kəpəz” isə evdə “İnter”i qəbul edəcək. Taleyi öz əlində olan qəsəbə komandası 3 xallıq üstünlüyü əldən verməmək üçün ən azı heç-heçə etməlidi. “Zirə” uduzmasa, Gəncədəki oyunun nəticəsindən asılı olmayaraq, Avropaya geymək imkanı qazanacaq.
“Kəpəz” isə özü qələbə üçün mübarizə aparmaqla yanaşı, AZAL-a da azarkeşlik edəcək. Bu il qələbə nə olduğunu bilməyən “təyyarəçilər” inandırıcı görünməyəni reallaşdırıb qalib gəlsə, gəncəlilərin də qələbəsi hesablara nəzər salmaq zərurəti yaradacaq.
Bu durumda şəxsi oyunları da (2:0, 0:2, 1:0, 0:1), qələbə sayı da (9) bərabər olan komandalardan kimin 4-cü olması top fərqi ilə bilinəcək. Texniki qələbədən sonra “Zirə”də tarazlıq yaranacaqsa, “Kəpəz” son tura “-4”lə gedir.
Belə vəziyyətdə Ayxan Abbasovun yetirmələrinin 0:1 hesabı ilə uduzması zamanı “Kəpəz” 3 top fərqilə qalib gəlməlidi ki tarazlıq yaransın. Ya da hər iki görüşdə meydan sahibləri 2 qol fərqilə sevinsin. Lakin bu tarazlıq da bakılıların lehinə olacaq. Çünki qəsəbə klubunun qol sayı 28, gəncəlilərinki 23-dü. Bir sözlə, Şahin Diniyevin komandası əsas rəqib 1 top fərqilə uduzsa, 4 qolla qalib gəlməli ya da fərq 3 olarsa, 5-dən çox qol sevinci yaşamalıdı.
Hətta elə variant mümkündü ki, sarı və qırmızı vərəqələr hesablansın. Bunun üçün AZAL 1:0, “Kəpəz” 5:2 hesabı ilə qalib gəlməlidi. Ya da matçlar 2:0-la 4:2, 3:0-la 3:2, 2:1-lə 6:3 və bu tip nəticələrlə bitməlidi. Buna ehtiyac yaransa, hazırkı durumda “Kəpəz” vərəqələrə görə hesablanan cərimə xallarında kiçik üstünlüyə malikdi. Amma məsələnin bu qədər dərinə uzanması heç inandırıcı görünmür. Ən azı AZAL-ın durumu belə düşünməyə əsas verir.