[b]Avstriyada son sınaq: Futbolçular, yoxsa “hokkeyçilər”?[/b]
02.06.2016 - 11:33
[b]Avstriyada son sınaq: Futbolçular, yoxsa “hokkeyçilər”?[/b]

Azərbaycan millisi Avstriyadakı təlim-məşq toplanışı çərçivəsində sabah son oyununu keçirəcək. Apasport.az saytının məlumatına görə, yığmamız Kanada ilə qarşılaşacaq.

 

Bu görüş Robert Prosineçkinin yetirmələrinin hazırlıq çərçivəsində 3-cü sınağı olacaq. Dünya reytinqində 202-ci olan Andorra ilə qolsuz heç-heçə edib, planetin 141-ci komandası Makedoniyaya 1:3 hesabı ilə yenilən yığmamız ilin ilk qələbəsini qazanmağa çalışacaq.

 

Belə ki, futbolçularımız Avstriya toplanışına qədər 2016-cı ildə keçirdiyi yeganə oyunda da uduzmuşdu. Qazaxıstanla da bacarmayan millimiz bu dəfə daha güclü rəqiblə üz-üzə gələcək. Belə ki, may reytinqində Kanada dünyanın 95-ci komandası olub.

 

Yığmamızla matçdan 4 gün sonra Özbəkistanla qarşılaşacaq Şimali Amerika təmsilçisi futbolda nə qədər irəliləsə belə, hokkey ölkəsi kimi tanınır. Bu idman növünün yarandığı Kanada KONKAKAF zonasının ən yaxşıları arasındadı. Millimiz iki dəfə qitə çempionu, bir dəfə Olimpiya Oyunlarının qalibi olan yığma ilə ilk dəfə qarşılaşacaq.

 

Komandamızın rəqibi əsasən legionerlərdən təşkil olunub. Avstriya toplanışına çağırılan 24 oyunçudan yalnız 4-ü Kanada klublarında çıxış edir. Digər 20 oyunçudan 1-i klubsuzdusa, legioner həyatı yaşayanlar Amerika, Avropa və Asiya klublarının şərəfini qoruyur.

 

Matç Prosineçkinin sabiq baş məşqçisi Benito Floro ilə görüşüylə də əlamətdar olacaq. Belə ki, 1992-ci ildə Madrid “Real”ının baş məşqçisi təyin olunan ispaniyalı mütəxəssis artıq 1 il idi “Kral klubu”nun üzvü olan Prosineçkini çalışdırıb. Onlar 2 il eyni klubda olub, birlikdə İspaniya kuboku və Superkubokunu əldə ediblər. Madridə gəlməzdən çalışdırdığı “Albasete”yə qayıdan Floro 1995-ci ilin yayında komandasının hücum xəttinə Azərbaycan millisinin futbolçusu, “Neftçi”nin indiki baş məşqçisi Vəli Qasımovu transfer edib. Həmyerlimiz isə Primeradakı 4 qolla Floronu sevindirib.

 

3 oyundu qələbə həsrətində olan millimiz kimi rəqibi də hazırda uğursuzluq zolağındadı. Ötən il noyabrın 13-də Hondurası 1 qolla keçən kanadalılar artıq 4 matçdı qalib gələ bilmir. Salvadorla qolsuz heç-heçə edib, ABŞ-a 0:1, iki dəfə qarşılaşdığı Meksikaya 0:3 və 0:2 hesabı ilə yenilən rəqibimiz 203 gündən sonra qol vurmağa çalışacaq.

 

 

Yoxlama oyunu

3 iyun

21:00. Azərbaycan - Kanada

 

Baş hakim: Saşa Amhof

Baş hakimin köməkçiləri: Stefan de Almeyda, Vital Yobin

Dördüncü hakim: Adrien Jaccottet (hamısı İsveçrə)

Rohrbax an der Lafnits