Topaz Premyer Liqasının 2015/2016 mövsümünü 7-ci pillədə başa çatdıran AZAL klubunda bir futbolçunun gələcək taleyinə aydınlıq gəlib. Apasport.az saytının məlumatına görə, transfer sahəsində durğunluq göstərən “təyyarəçilər” gürcüstanlı yarımmüdafiəçi Nuqzar Kvirtiya ilə yeni müqavilə imzalayacaqlar.
AZAL rəhbərliyi sözləşməsinin müddəti başa çatan 31 yaşlı futbolçu ilə danışıqlara başlayıb. Kvirtiyaya yeni 1 illik anlaşma təklif edilib. Hazırda istirahətdə olan Nuqzar Bakıya qayıtdıqdan sonra paytaxt klubu ilə münasibətləri rəsmiləşdirəcək.
Məlumatı əməkdaşımızla söhbətində Kvirtiya özü də təsdiqləyib. Rusiyadan təklif aldığını bildirən yarımmüdafiəçi Azərbaycanda qalmağı üstün tutacağını bildirib.
Qeyd edək ki, Nuqzar Kvirtiya ölkə çempionatının başa çatan mövsümündə 33 oyunda meydana daxil olub və 7 qola imza atıb.