[b]Azardan İbrahimoviçə: Məndən driblinq etməyi öyrənə bilər[/b]
22.06.2016 - 15:59
[b]Azardan İbrahimoviçə: Məndən driblinq etməyi öyrənə bilər[/b]

“Karyeramızı müqayisə etsək, Zlatan məndən daha güclü olar. Ancaq biz fərqli futbolçularıq. O, daha çox qol vurub”. Apasport.az saytı xəbər verir ki, bunu Belçika yığmasının ulduz futbolçusu Eden Azar deyib.

 

Belçikalılar Avropa çempionatının qrup mərhələsi çərçivəsində son matçlarını bu gün İsveçə qarşı keçirəcəklər. Görüş öncəsi çoxları bunu Zlatan İbrahimoviç – Eden Azar mübarizəsi kimi qələmə verir. Belçikalı oyunçu UEFA-nın rəsmi saytına müsahibəsində qələbənin onların tərəfində olacağına əmin olduğunu söyləyib: “İbrahimoviçə qarşı əvvəllər çıxış etmişəm. Bir dəfə qələbə qazanıb, iki dəfə məğlub olmuşam. Bu gün isə mən qalib gələcəm”.

 

Jurnalistin “Zlatanla bir-birinizə nəyi öyrədə bilərsiniz?” sualını 25 yaşlı oyunçu maraqlı şəkildə cavablandırıb. O, İsveç yığmasının kapitanına driblinq öyrətməyə hazır olduğunu söyləyib: “Özümü Zlatanla müqayisə etməmişəm. Çünki heç vaxt onun qədər qol vura bilmərəm. Mən daha çox driblinqlər etməyi xoşlayıram və digər futbolçulara qol vurmaq üçün şərait yaradıram. Zlatanla çətin ki, bir-birimizə nəsə öyrədə bilək. Amma İbrahimoviç məndən driblinq etməyi öyrənə bilər”.

 

Maraqlıdı ki, Azarla İbrahimoviç bir müddət əvvəl media vasitəsilə “söz davası”na çıxmışdılar. Həmin vaxt belçikalı həmkarına fransız dilini öyrətməyi təklif etmiş, İbrahimoviç isə cavabında “Mən də ona qol vurmağı öyrədə bilərəm” demişdi.

 

Qeyd edək ki, Belçika – İsveç oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.