Avropa çempionatında iştirak edəcək Portuqaliya yığmasının Fransada keçirdiyi ilk məşqə maraq böyük olub. Apasport.az saytının məlumatına görə, daha çox komandanın kapitanı Kriştianu Ronaldonu görmək istəyən xeyli sayda insan bu məqsədlə stadiona yollanıb.
Nəticədə Ronaldonun da iştirak etdiyi məşq prosesini 1033 futbolsevər izləyib. Azarkeşlər Madrid “Real”ının ulduz futbolçusunu canlı izləmək üçün məşq başlamamışdan 5 saat əvvəl növbəyə duraraq, tribunaya daxil olublar.
Estoniya ilə keçirilən son yoxlama matçında iştirak etmiş futbolçular meydanda cəmi 40 dəqiqə qalıblar. Bundan sonra isə Ronaldo da daxil olmaqla, komandanın 10-dan çox üzvü məşq prosesini tərk edib.
Avropada bir oyunçunun məşqini bu qədər insan izlədiyi halda, Azərbaycan futbolunda vəziyyət acınacaqlıdı. Topaz Premyer Liqasının 2015/2016 mövsümünə nəzər salsaq, 3 komandanın oyunlarını izləyən azarkeşlərin orta göstəricisinin 1000-dən aşağı olduğunu görərik.
Bunlar “İnter”, “Rəvan” və AZAL-dı. Belə ki, “İnter”də mövsüm ərzində orta tamaşaçı sayı 671, “Rəvan”da 467, AZAL-da isə 378 olub. Qısası, Ronaldonun məşqini izləyən azarkeşlərin sayı “İnter”, “Rəvan” və AZAL klublarının son mövsümdəki oyunlarına baxan fanatların orta göstəricisindən üstündü.