[b]Azərbaycan millisinin üzünü güldürməyən tanış referi[/b]
12.09.2016 - 15:10
[b]Azərbaycan millisinin üzünü güldürməyən tanış referi[/b]

“Qəbələ”nin Avropa Liqasının qrup mərhələsində “Anderlext”lə səfər görüşünün baş hakimi Harald Lexner Azərbaycan futboluna kifayət qədər tanış simadı. Apasport.az saytının məlumatına görə, avstriyalı referi 4-cü dəfə bir komandamızın görüşündə ədalət təmsilçisi olacaq.

 

O, indiyə qədər 3 dəfə Azərbaycan yığmasının matçında fit çalıb. Lexner yığmamızın oyununu ilk dəfə ötən il iyunun 7-də idarə edib. Həmin vaxt yoldaşlıq görüşündə Serbiyaya 1:4 hesabı ilə məğlub olan komandamızın avstriyalı ilə yolu 3 ay sonra yenidən kəsişib. Bu dəfə isə AÇ-2016-nın seçmə mərhələsində Malta – Azərbaycan görüşünün baş hakimi Lexner olub. 2:2 hesabı ilə nəticələnən matçda referi yalnız rəqibin 1 oyunçusuna sarı vərəqə göstərməklə kifayətlənib.

 

Lexner və onun briqadası bu il isə ölkəmizə ilk dəfə may ayında səfər edib. Bu dəfə yoldaşlıq görüşü çərçivəsində Azərbaycan – Andorra matçını idarə etmək üçün. Qolsuz bərabərə başa çatan qarşılaşmada referi hər iki komandanın 3 üzvünü sarı vərəqə ilə cəzalandırıb.

 

Harald Lexner 2008-ci ildə Avstriya yüksək liqasında, 2010-cu ildə isə beynəlxalq arenada debüt edib. 34 yaşlı referi indiyə qədər 51 beynəlxalq matçda baş hakim funksiyasını yerinə yetirib. Həmin qarşılaşmalarda 184 sarı, 10 qırmızı vərəqə və 19 penalti qərarı ilə yadda qalıb. Avstriyalı 2011-12, 2014-15 və 2015-16 mövsümlərində Avropa Liqasının qrupunda oyunlar idarə edib.

 

Cari mövsümdə isə o, Avropa Liqasının III təsnifat və pley-off mərhələlərinə təyinat alıb, DÇ-2018-in seçmə mərhələsində Danimarka – Ermənistan (1:0) matçında ədalət təmsilçisi olub.

 

Qeyd edək ki, “Anderlext” – “Qəbələ” oyunu sentaybrın 15-də baş tutacaq.

0