[b]Azərbaycan yığması “Yuventus” üçün uğursuz məkanda[/b]
07.03.2017 - 17:09
[b]Azərbaycan yığması “Yuventus” üçün uğursuz məkanda[/b]

Martın 9-da keçiriləcək Qətər – Azərbaycan oyununun baş tutacağı “Əl Sadd” stadionu 42 il öncə inşa olunub. Apasport.az saytının məlumatına görə, bu iki komandanın öncədə qarşılaşdığı arena 1974-cü ildə tikilməyə başlasa da, açılış mərasimi növbəti il gerçəkləşib.

 

Lakin sonradan arena iki dəfə yenidənqurma işlərinə məruz qalıb. Öncə 2004-cü ildə, ardınca isə 2009-10-cu illərdə stadionda rekonstruksiya işləri aparılıb.

 

Qətər yığması və “Əl Saad” klubunun ev oyunlarını keçirdiyi arenanın tutumu da böyük deyil. Cəmi 12 min 946 tamaşaçı tutan stadionun rəsmi tam adı da fərqlidi. Yassin bin Hamad stadionu daha çox klubun adına görə “Əl Saad” kimi tanınır.

 

Kiçik tutumu olması arenanın böyük yarışlara ev sahibliyi etməsinə maneçilik törədə bilməyib. 2006-cı ilin Asiya Oyunları ilə yanaşı, Körfəz kubokunda da bir sıra matçlar bu stadionda baş tutub.

 

2014 və 2016-cı illərdə isə İtaliya Superkuboku Qətərin qonağı olub. Öncə “Yuventus” – “Napoli”, ötən il isə “Yuventus” – “Milan” matçları bu arenada təşkil edilib. Maraqlıdı ki, hər iki duelin qalibi penaltilər seriyasında müəyyənləşib. “Yuventus” öncə 2:2, iki il sonra 1:1 hesabı ilə nəticələnən qarşılaşmanın “lotereya”sında yenilib. Neapollular çempionu 6:5, milanlılar isə 4:3 hesabı ilə məğlub edib.