[b]Azərbaycanla başlayan və bitən seriya[/b]
29.05.2016 - 22:47
[b]Azərbaycanla başlayan və bitən seriya[/b]

Avstriyada keçirilən yoxlama oyununda Azərbaycan millisini 3:1 hesabı ilə məğlub edən Makedoniya yığması uğursuzluq zolağından çıxıb. Apasport.az saytının məlumatına görə, son 3 matçda qola həsrət qalıb, məğlubiyyətləri sıralayan, hətta Livan kimi futbol ölkəsi olmayan rəqibə də uduzan balkanlılar 199 gündən sonra qələbə qazanıb.

 

Rəqibimiz sonuncu dəfə ötən il noyabrın 12-də Monteneqronu 4:1 hesabı ilə yenmişdi. Bu, makedoniyalıların son 13 qarşılaşmada yeganə qələbəsi idi. Lakin həmin qələbə evdə - doğma Skopyedə qazanılmışdı.

 

Makedoniyanın öz meydanından kənarda – səfər və ya neytral meydandakı qələbəsi isə 5 il öncəyə təsadüf edib. Bu müddətdə hətta Lüksemburqa da uduzan balkanlılar 1754 gün əvvəl də elə Azərbaycan yığmasını udmuşdu.

 

2011-ci il avqustun 10-da makedoniyalılar Bakıda 1:0 hesablı qələbəyə sevinmişdi. Həmin qələbədən sonra balkanlılar yalnız Skopyedə qalib gəlməyi bacarıb, ölkədən kənarda isə heç-heçədən artığına nail olmayıb.