AFFA İntizam Komitəsi (İK) I Divizionun XVIII turu çərçivəsində baş tutan “Neftçala” – “Turan Tovuz” matçı ilə bağlı sərt qərarlar qəbul edib. Apasport.az-ın PFL-in rəsmi saytına istinadən məlumatına görə, “Neftçala”nın futbolçusu Aqşin Həşimov bir il müddətinə futboldan uzaqlaşdırılıb.
Görüşün 89-cu dəqiqəsində "Neftçala"nın əvəz olunmuş oyunçusu Aqşin Həşimov meydana daxil olaraq “Turan Tovuz”lu həmkarı Səbayıl Bağırova hücum çəkib, ona zərbələr endirib və hər iki klubunun futbolçuları arasında dava-dalaşa səbəb olub. Bu səbəbdən 7 dəqiqə fasilə yaransa da, görüş sona qədər oynanılıb.
İK oyunun videoyazısını izlədikdən sonra Həşimov rəqibə qarşı sərt davranış və baş vermiş hadisənin əsas səbəbkarı olması ucbatından 12 aylıq yarışlardan kənarlaşdırılıb. Klub isə buna görə, 1500 manat cərimə olunub. Baş vermiş davada aktiv iştirak etdiyinə görə, "Turan Tovuz"un futbolçu Afin Bağırov və "Neftçala"nın digər üzvü Cəmil Rəhimli 5 oyunluq cəzalanıb, hər iki klub 300 manat cərimə olunub.
Bundan başqa, hər iki klubun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün komandalar 100 manat məbləğində cərimə olunublar.