“2008-ci ildə “İnter”ə təcrübəli futbolçular lazım idi. Həmin vaxt “Şerif”də çıxış edirdim. Baş məşqçimiz Kuçuk məni israrla saxlamaq istəyirdi. Çünki komanda Çempionlar Liqasının təsnifat mərhələsində oynayırdı”. Apasport.az saytının məlumatına görə, bu sözləri Bakının “İnter” klubunun sabiq futbolçusu İon Testimitsianu deyib.
2008/09 mövsümündə paytaxt təmsilçisinin formasını geyinmiş keçmiş müdafiəçi maraqlı açıqlaması ilə diqqət çəkib. Ölkəsinin mətbuatına danışan moldovalı “İnter”də çıxış etdiyi vaxtı yada salıb.
O, əvvəlcə “İnter”ə keçidindən söz açıb: “Azərbaycanda mənə həmin dövr üçün yüksək maaş təklif olunmuşdu. Təbii ki, mən də oraya gedib, bu pulları qazanmaq istəyirdim. Qərarımdan incik qalan Kuçuk “Aktobe” ilə ÇL oyununda məni ehtiyatda saxladı. Sonra onu yaxşı əhval-ruhiyyədə tutdum və komandadan getməyimə icazə verdi”.
Testimitsianu 2008/09 mövsümündə Azərbaycan çempionatında qızıl medallar uğrunda mübarizə apardıqlarını deməklə yanaşı, həmin vaxt çempionluğun “Bakı”, kubokun isə “Qarabağ”a verildiyini iddia edib: “Demək olar ki, bütün mövsümboyu birinci pillədə getdik. “Bakı” klubundan həmişə 1-2 xal öndə olurduq. Birinci dövrədə rəqibi 3:1 hesabı ilə məğlub etdik, ikinci qarşılaşmada mən oynamadım, 0:1 hesabı ilə uduzduq. Çox yaxşı kollektivimiz var idi. Biz Azərbaycan Kubokunun finalına qədər irəlilədik. Mən “İnter”ə keçəndə demişdim ki, Azərbaycan çempionu olmaq istəyirəm və bu arzumu gerçəkləşdirəcəm. Sonra elə oldu ki, mövsümün son 4 oyununda məni, Oleq Şişkini və Valentin Belkeviçi heyətə salmadılar. Halbuki bu futbolçular mövsümboyu komandanı arxasınca daşımışdı. Bu addımın heç bir əsaslı səbəbi yox idi. Mən belə başa düşdüm ki, klub rəhbərliyinin borcu olub və sadəcə olaraq, çempionluğu verib. Çox üzüldüm, hətta idman direktorumuzdan xahiş etdim ki, müqaviləmə xitam verilsin. Bundan sonra evə döndüm. Gümüş medalımı mənə poçtla göndərdilər. Amma ürəyimdə özümü Azərbaycan çempionu hesab edirəm. Kubokun finalına isə televizor vasitəsilə baxdım və güldüm. Çünki onlar kuboku da verdilər. Şişkin oyundan sonra mənə zəng edib dedi ki, Vanya, bu, biabırçılıqdı”.