[b]Bakıdan qol və zədə ilə...[/b]
03.10.2016 - 10:00
[b]Bakıdan qol və zədə ilə...[/b]

“Maynts” Avropa Liqasının qrup mərhələsinin II turu çərçivəsində ötən həftə “Qəbələ”ni məğlub etsə də, bir məqam almanları planını korlayıb. Apasport.az saytı xəbər verir ki, söhbət komandanın aparıcı futbolçularından olan Yoşinori Mutonun zədələnməsindən gedir.

 

“Qəbələ” ilə oyunda hesabı açan yaponiyalı hücumçu ikinci hissədə sağ dizindən xəsarət alıb. Nəticədə Muto 84-cü dəqiqədə əvəzlənmək məcburiyyətində qalıb. İlkin tibbi müayinədən sonra futbolçunun zədəsinin ciddi olmadığı ehtimal edilirdi. Lakin təkrar müayinə fərqli nəticəni ortaya çıxarıb.

 

Klub rəsmi məlumat yayaraq bildirib ki, Muto Avroliqanın qrup mərhələsinin “Anderlext”lə hər iki oyununu buraxmalı olacaq. Yapon forvard köhnə zədəsini təzələdiyindən, onun bir müddət yaşıl meydanlardan uzaq qalacağı müəyyənləşib.

 

Qeyd edək ki, “Maynts” “Anderlext”lə ilk görüşünü oktyabrın 20-də, cavab matçını isə noyabrın 3-də keçirəcək.