“Birinci hissədə həm oyuna, həm də topa nəzarət etdik. Rəqibin şanslarını sıfıra endirmişdik. AZAL-ın bir neçə əsas oyunçusunun olmaması işimizə yaradı”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Rəvan”ın baş məşqçisi Bəhmən Həsənov deyib.
Topaz Premyer Liqasının XXXI turunda öz meydanında AZAL-a qalib gələn “sarı-qırmızılar”ın çalışdırıcısı oyundan sonra fikirlərini bölüşüb: “İkinci hissədə rəqib meydana yeni oyunçular buraxmaqla işimizi çətinləşdirdi. Bu gün meydana üç xal üçün çıxmışdıq. Əsas məqsədimiz erkən qol vurmaq idi. Şadam ki, oyunçular bu tapşırığı tam yerinə yetirdilər. Vacib üç xal qazandıq. Çalışacağıq ki, növbəti oyunlarda da qələbə qazanaq”.
- Hesabınızdan 6 xal çıxılsa da, “Xəzər Lənkəran” çatdız...
- Burda çalışdığım zaman əsas məqsədimiz son pillədən çıxmaq olub. Əslində, ilk pillələr uğrunda mübarizə aparmağı planlaşdırırdıq. Ancaq sonradan bir neçə futbolçu komandanı tərk etdi. "Xəzər Lənkəran" yaxşı komandadı. Dünən oyunlarını izlədim. Amma bu komandanın udub-uduzmasıyla maraqlanmıram. Əsas öz nəticəmiz barədə düşünürük.
- Bizdə olan məlumata görə, əməkdar məşqçi adı almısız...
- Əməkdar məşqçi almaq üçün adımı vermişəm. Məncə, buna layiqəm. 30 ilə yaxın təcrübəm var. Milliyə oyunçular vermişəm. Bunun nəyi pisdi ki? Çoxlu əməkdar, Pro kateqoriyalı məşqçilərin olmasının nəyi pisdi ki? Bu gün təxminən 15 Pro kateqoriyalı məşqçi var. Ancaq mənə belə ad verilməyib. Belə ad verilsə, bunu rəsmən açıqlayacam. Mənim əsas məqsədim Pro məqşçisi olmaqdı. Əməkdar məşqçi olmaq insana savad vermir. Sovet dövründən mənim yetirmələrim oynayıb. Kiməsə ziyanı varsa, almayım bu adı.