Azərbaycan yığmasının sabiq baş məşqçisi Berti Foqts yeni işlə məşğul olmağa başlayıb. Apasport.az saytının Almaniya mətbuatına istinadən məlumatına görə, 70 yaşlı mütəxəssis ABŞ millisi üçün gənc oyunçular kəşf etməklə məşğuldu.
ABŞ yığmasının baş məşqçisi Yurgen Klinsmannın məsləhətçisi vəzifəsini yerinə yetirən Foqts onun işini asanlaşdırmaq üçün istedadlı oyunçular axtarışına çıxıb. Maraqlıdı ki, millimizin sabiq çalışdırıcısı ABŞ yığması üçün axtarışını vətəni Almaniyada aparır.
Foqts son olaraq 19 yaşlıların çempionatında keçirilən “Şalke” – “Borussiya” (Dortmund) matçını izləyərkən görünüb. Almanlar onun bu addımını “Foqts ABŞ üçün casusluq edir” kimi qələmə veriblər.
Foqtsun Almaniyada bəyəndiyi bir neçə oyunçunun adı da artıq bəllidi. O, “Volfsburq”lu Robin Tsiqele, “Viktoriya”lı (Berlin) Andreas Turau və “Borussiya”lı (Dortmund) Kristian Puluşiçi ABŞ millisinə qazandırmaq niyyətindədi. Onların arasında yalnız Tsiqele amerikalılara problem yarada bilər. Çünki o, hazırda Almaniyanın U-19 millisinin üzvüdü.
Qeyd edək ki, Berti Foqts 2008-2014-cü illərdə Azərbaycan yığmasını çalışdırıb.