“Fanatları “Neftçi” ilə oyuna dəvət edirəm. Böyük azarkeş kütləsi bizi dəstəkləsə, bunun qarşılığını qələbə ilə verməyə çalışacağıq”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Şkendiya” klubunun futbolçusu Besart İbrahimi deyib.
Avropa Liqasının II təsnifat mərhələsinin cavab oyunları çərçivəsində Makedoniya təmsilçisi sabah “Neftçi”ni qəbul edəcək. Matçla bağlı ölkəsinin mətbuatına açıqlama verən İbrahimi ehtiyatlı danışsa da, “Şkendiya”nın daha şanslı olduğunu bildirib.
O, Bakıdakı matçı yada salaraq, həmin görüşdəki kimi oynayacaqları təqdirdə, növbəti mərhələyə adlayacaqlarını qeyd edib: “III təsnifat mərhələsinə çıxmağa real şansımız var. Lakin cavab görüşündə işimiz heç də asan olmayacaq. Bu doğrudu ki, “Neftçi” ilə ilk oyunda dominantlıq edən və qələbəyə daha yaxın olan tərəf biz idik. Amma həmin görüşdən qolsuz bərabərliklə ayrılmalı olduq. 0:0 da yaxşı nəticədi. Sadəcə, öz meydanımızda daha ehtiyatlı davranmalıyıq. Çünki rəqib də güclüdü və bu görüşə çox ciddi yanaşır. Düşünürəm ki, Bakıdakı oyunu təkrarlamalıyıq, ordakı kimi çıxış etməliyik. Eyforiyaya qapılmasaq və yaradıcı oyun göstərsək, növbəti mərhələdəki yerimizi təmin etmiş olacağıq”.
Qeyd edək ki, “Şkendiya” – “Neftçi” matçı Bakı vaxtı ilə 22:00-da start götürəcək.