“Santos” klubu FİFA-ya müraciət etməyə hazırlaşır. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, Braziliya təmsilçisi “Barselona”nın transfer fəaliyyətindən narazıdı.
İspaniya nəhənginin yarımmüdafiəçi Lukas Lima ilə anlaşması braziliyalıların narazılığına səbəb olub. Məsələ burasındadı ki, 2017-ci il, dekabrın 31-də “Santos”la müqavilə müddəti başa çatacaq Lima artıq “Barselona” ilə 5 illik müqaviləni razılaşdırıb və gələn ildən kataloniyalıların formasını geyinəcək. Lakin FİFA-nın reqlamentinə görə, “Barsa” iyulun 1-dək 27 yaşlı futbolçu ilə anlaşa bilməz. “Santos” rəhbərliyi də göstərilən vaxtdan 10 gün tez davranan ispanların cəzalanması üçün ali futbol qurumuna müraciət edəcək.
Qeyd edək ki, 2013-cü ildə Neymarın transferi zamanı da “Santos”la “Barselona” arasında problem yaranmışdı.