Avropa ölkələrində mövsüm sona yaxınlaşdıqca, Çempionlar Liqasına (ÇL) vəsiqə qazananlar da bir-bir bəlli olur. Apasport.az saytının məlumatına görə, artıq 8 komandanın gələn mövsüm ÇL-in qrup mərhələsindən mübarizəyə başlayacağı məlumdu.
Bunlar “Barselona”, “Atletiko”, “Real”, “Lester”, “Bavariya”, “Borussiya” (Dortmund), “Yuventus” və PSJ-di. Bundan əlavə, Hollandiyadan “Ayaks” və PSV, Portuqaliyadan “Benfika” və “Sportinq”, İsveçrədən “Bazel” və Ukraynadan Kiyev “Dinamo”su ilə Donetsk “Şaxtyor”unun da Avropanın ən mötəbər klub turnirində iştirakı dəqiqdi. Sadəcə olaraq, bu komandaların qrup, yoxsa seçmə mərhələdə yarışa qoşulacaqları hələ bilinmir.
Ümumiyyətlə, gələn mövsüm qrupda mübarizə aparacaq 32 komandadan 22-si birbaşa bu mərhələdən yarışa başlayacaq. Yüksək reytinqli ölkələrin çempionatlarının mükafatçıları ilə yanaşı, Çempionlar Liqasının və Avropa Liqasının qalibi də bu turnirin qrupunda iştirak hüququ əldə edəcək.
Maraqlıdı, komandalar daxili çempionatlarında mövsümü hazırda qərarlaşdıqları yerdə bitirsələr, hansıları qrup, hansıları pley-off mərhələsinə yollanacaq? İndiki vəziyyətə görə, ÇL-in qrupunda və pley-offunda aşağıdakı komandalar iştirak etməlidilər:
Qrup mərhələsi: “Barselona”, “Atletiko”, “Real” (hamısı İspaniya), “Lester”, “Tottenhem”, “Mançester Siti” (hamısı İngiltərə), “Bavariya”, “Borussiya” (Dortmund), “Bayer” (hamısı Almaniya), “Yuventus”, “Napoli” (hər ikisi İtaliya), “Benfika”, “Sportinq” (hər ikisi Portuqaliya), PSJ, “Monako” (hər ikisi Fransa), “Rostov” (Rusiya), “Dinamo” (Kiyev, Ukrayna), “Ayaks” (Hollandiya), “Brügge” (Belçika), “Bazel” (İsveçrə), “Beşiktaş” (Türkiyə).
Pley-off mərhələsi: “Vilyareal” (İspaniya), “Arsenal” (İngiltərə), “Herta” (Almaniya), “Roma” (İtaliya), “Porto” (Portuqaliya).