Ağdamın “Qarabağ” Topaz Premyer Liqasının XXXI turunda “İnter”i 2:0 hesabı ilə məğlub edib. Apasport.az saytının məlumatına görə, Qurban Qurbanovun yetirmələri bununla da ardıcıl 3-cü dəfə çempion titulu qazanmağa daha da yaxınlaşıb.
Əyalət klubu çempionluğunu artıq növbəti – XXXII turda təmin edə bilər. Mövsümün sonunadək 5 oyunu qalan “Qarabağ” hazırda ən yaxın izləyicisi “Zirə”ni 13 xal qabaqlayır. Lakin debütant bir oyun az keçirib və bu gün “Neftçi”nin qonağı olacaq.
Ağdamlıların gələn tur çempionluğu bayram etməsi isə təkcə özlərindən deyil, həm də zirəlilərdən asılıdı. Əyalət klubu müxtəlif variantlarla qızıla yiyələnə bilər.
Əgər “Neftçi” bu gün “Zirə”ni məğlub etsə, “Qarabağ” növbəti tur heç-heçəylə də zirvənin sahibi olacaq. Çünki qarşıdakı turda liderlər üz-üzə gələcək. Bərabərliklə isə 13 xallıq fərq dəyişməz qalacaq və Qurbanovun komandası 3-cü dəfə çempion olacaq.
Bu gün “Neftçi” – “Zirə” oyununda heç-heçə qeydə alınsa, onda ağdamlılarla izləyicisinin fərqi 12-yə enəcək. Belə olan halda, “Qarabağ” qızıl medal qazanmaq üçün Zirədə qalib gəlməlidi. Heç-heçə isə əyalət təmsilçisinə ən azı “Qızıl oyun”a vəsiqə verəcək.
Bu gün “Zirə” qalib gəlsə, xal fərqi 10-da qalacaq. Onda “Qarabağ” XXXII turda mütləq qalib gəlməlidi ki, sona 4 tur qalmış titula yiyələnsin.
Bir sözlə, son iki ilin çempionu növbəti turda qalib gəlsə, istənilən halda çempion olacaq. Ağdamlılara heç-heçənin də yetərli olması isə “Neftçi”dən asılı olacaq. Bakılıların qələbəsi onların işinə yarayacaq.