DÇ-2018-in seçmə mərhələsi çərçivəsində gələn ay millimizlə qarşılaşacaq Çexiya yığmasında zədəli futbolçulardan biri sıraya dönüb. Apasport.az saytı bu ölkənin mətbuatına istinadən xəbər verir ki, yarımmüdafiəçi Borek Doçkal zədəsini sağaldıb.
28 yaşlı futbolçunun daha bir müddət yaşıl meydanlardan uzaq qalacağını deyilsə də, həkimlər “Sparta”nın üzvünün Almaniya və Azərbaycanla oyunlara hazır olduğunu bildiriblər. Çexiya millisinin baş məşqçisi Karel Yarolimin zədəsini yeni sağaldan Doçkalı milliyə dəvət edəcəyi gözlənilir.
Bununla bağlı danışan Yarolim indiki məqamda Doçkala ehtiyaclarının olduğunu bildirib: “Daridanın zədələnməsi bizim üçün pis oldu. İstəyirdik ki, heç olmasa Doçkal sıraya dönsün. Əslində onun zədəsini Almaniya və Azərbaycanla oyunlara qədər sağaldacağını gözləyirdim. Doçkalın sürətli keçidləri bizə faydalı ola bilər”.
Qeyd edək ki, Çexiya millisinin digər futbolçusu Vladimir Darida isə əməliyyat olunduğundan, oktyabrın 11-də yığmamıza qarşı oynaya bilməyəcək.